Abşeron Rayon Məhkəməsində dostunu döyməkdə təqsirləndirilən Habil Habilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Asayis.Az-ın məlumatına görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv olunub.
İttihama görə, hadisə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən “A Market” mağazanın yaxınlığında qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Habil Habilov dostu, 2007-ci il təvəllüdlü Qalib Məmmədovun (şərti) onun bacısına yazdığı mesaja görə söhbətə çağırıb. Əvvəl o, zərərçəkmişlə mübahisə edib. Daha sonra Habil onunla dalaşıb. Qabilin burun nahiyəsinə yumruqla qəsdən bir dəfə vurub. Nəticədə zərərçəkmişin burnu sınaraq qanayıb.
Qeyd: Habil Habilov hadisə zamanı 11-ci sinifdə oxuyurdu.
Pravda.az