Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən Asayis.Az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-dən 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə yağış yağacağı, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir.
"Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək onlara ehtiyatlı olmağı, yağış nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün nasaz avtomobillərdən mümkün qədər istifadə etməməyi, daha çox ara məsafəsi saxlamağı, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi tövsiyə edir.
Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".