Şuşa türməsi, “Qafqazın Quantanamo“

 Şuşa türməsi, “Qafqazın Quantanamo“

Şuşanın azad edilməsiylə Şuşa türməsi də azadlığa çıxdı. Bundan sonra məşhur həbsxananın tarixi abidə və ya yenidən türmə kimi fəaliyyət göstərəcəyi barədə danışmaq yəqin ki, hələ tezdir.

Dəqiq olan budur ki, türmə divarlarının dərin bir nəfəsə ehtiyacı var...

Çəkiliş apardığımız müddət ərzində də canlı şahidi olduq ki, bu cəzaçəkmə müəssisəsinin divarları çox qada, çox bəla görüb, çox işgəncələrə şahidlik edib. Azərbaycanlı əsirlərin - Şahbazın, Dilqəmin və digərlərinin, o cümlədən də Qriqoryanın rəisi olduğu müddətdə məhkumların sığındığı son sədd olub bu həbsxana divarları...

Bu səbəbdən Şuşa türməsini “Qafqazın Quantanamo”su adlandırsaq, yəqin ki, bunu vaxtilə həbsxanada cəza çəkmiş və ya əsir kimi saxlanılmış şəxslər də təsdiqləyər.

Məlumata görə, Şuşa həbsxanası 1848-ci ildə Çar Rusiyası dövründə Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulmuşdu. Sonradan bu say minədək artıb.

Şuşa həbsxanasının 99 kamerası olub ki, bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı kimi istifadə olunub. Məhbuslar həbs olunduqları maddələrə uyğun olaraq, kameralara bölüşdürülürdü. Elə kamera var idi 2, elə kamera da var idi ki, 30-40 məhbus saxlanılırdı. 

Kişilərlə yanaşı, türmənin qadın məhkumları da olub. Amma onların sayı çoxluq təşkil etməyib. 

Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunurdu. Burada “Korzubı Vaqif”, “Razboynik Çingiz”, “Malış Söhbət”, Tengiz kimi məşhur lotular da cəza çəkib.  

İşğala qədər türmənin son rəisi Aydın Abbasov olub. O, şəhərin işğalından bir neçə saat əvvəl cəza çəkən 36 azərbaycanlı məhkumu sərbəst buraxaraq onları döyüşə çağırıb. Erməni məhbuslar isə bir müddət öncə Bakıya göndərilib. Azərbaycanlı məhbuslar əllərinə silah alaraq döyüşüblər, onların bir neçəsi fədakarlığına görə sonradan əfv olunub, bəzilərinin isə qanunun verdiyi imkanlar çərçivəsində cəzası azaldılıb. Döyüşlər zamanı türmənin iki zabiti şəhid olub.

Şuşa türməsində məhkumların ən ağır günləri erməni Qriqoryanın rəis təyin olunması ilə başlayıb. Bu, 1985-ci ilin aprelin 3-də baş verib. O, azərbaycanlı məhbuslara dəhşətli işgəncələr verməsiylə yadda qalıb.

Bunların arasında ən dəhşətlisi isə tabut işgəncəsi olub. Belə ki, həmin dövrdə divarda xüsusi yer hazırlanmışdı. Bu, tabuta bənzər siyirmə formasında idi. Dustağı həmin dəmir siyirməyə qoyub, divarın içinə itələyirdilər. Formasına görə tabutdan fərqlənməyən bu qabın dərinliyi 25-30 sm-dən çox deyildi. Əlləri və ayaqları qandallı, buz kimi soyuq divarın içərisinə ötürülən dustaq soyuqdan çox, oradakı siçovulların dişdəyinə dözə bilmirdi.

Soyuqdan söz düşmüşkən, Qriqoryan azərbaycanlı məhbusları qış aylarında hava almaq üçün gəzintiyə corabla qoymurdu. Gəzintiyə çıxan məhbus mütləq ayaqqabını corabsız geyinməli idi. Bu isə dustaqların ayaqlarının donmasına, qaralmasına səbəb olurdu. Qriqoryanın ağlasığmaz tələbinə qarşı gələnlər isə daha sərt işgəncələrə məruz qalırdı.

Qeyd edək ki, şəhər işğal edildikdən sonra həbsxana 1995-ci ildən qondarma rejimdə cinayət törədən şəxslərin saxlanıldığı islah-əmək düşərgəsinə çevrilib. İnternet məlumatlarına əsasən, həbsxana 3 rejimdə - qapalı, yarımqapalı və açıq fəaliyyət göstərirdi. Qapalı rejimdə 33, yarımqapalı rejimdə 41, açıq rejimdə isə 58 nəfər cəza çəkib.//qafqazinfo

19:21 - 8 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin