“Lombardlarla bağlı şikayətlər səngimək bilmir. Bu şikayətlər mövcud olduğu təqdirdə heç bir qurum tərəfindən tənzimlənməyən, nəzarətsiz olan lombardların fəaliyyəti kim üçün sərfəlidir? Əhali üçün deyiriksə, yox. Əhali faizin yuxarı olmasından, lombardların müştərilərin qızılını ələ keçirməsindən tutmuş, lombard sahiblərinin qızılları götürüb qaçmasına qədər çoxsaylı şikayətlərlə narazılıq edir”.
Asayis.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin plenar iclasında deyib.
Deputat bildirib ki, lombardların ölkə iqtisadiyyatına xeyri yoxdur: “Əksər lombardlar mövcud fəaliyyətini vergidən yayındırmaqla, işçilərini rəsmi qeydiyyata almamaqla daha çox sələmçilik fəaliyyəti göstərirlər ki, bunun da iqtisadiyyatımıza heç bir xeyri olmadığını görürük. Əksinə, lombardların bu fəaliyyətlərindən narazı olan əhali sonda dövləti və dövlət qurumlarını hədəfə alır. Yaxşı, bəs nə etməli? Mərkəzi Bank bu problemin həllini necə görür? Bu fəaliyyət sahəsi qanunla tənzimlənib nəzarətedici qurum tərəfindən fəaliyyətinə nəzarət olunacaq? Olunacaqsa, nə zaman? Olunmayacaqsa, bu nəzarəti hansı qurum öz üzərinə götürəcək?”