“Taksi sürücülərinin çoxu, hətta deyərdim, 70 faizi avtomobili kreditlə alıblar. Nazir də qiyməti artırdı. Bəs sürücülərin o krediti necə ödəyəcəyini fikirləşmədi?!”
Asayis.Az xəbər verir ki, bu sözləri Globalinfo.az-a deputat Aqil Abbas taksi qiymətlərinin bahalaşması ilə bağlı danışarkən deyib.
O bildirib ki, taksi qiymətlərinin artırılması yanlış addımdır:
“Taksidə qiymətlərin bahalaşdırılmasını onunla əlaqələndirirlər ki, guya avtobus və metrodan istifadə edənlərin sayı azalıb. Adama deyərlər, sən rəqabət apara bilmirsənsə, rəqibi məhv etməlisən?! Bu, bizdə bir adət halını alıb artıq. Bakı Nəqliyyat Agentliyi (BNA) və Metropoliten rəqabət apara bilmirsə, o deməkdir ki, taksiləri şikəst etməlisən?! Yüzminlərlə insan taksi sürməyin çörəyini yeyirdi, onlar sizə görə işsiz qalmalıdırlar?!”
A.Abbas rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevi bu addıma görə qınayıb:
“Nazir deyir ki, taksi əlçatan olmamalıdır. Nə edək? Camaat işə helikopterlə getməlidir?! Sənin nəqliyyat sistemin bərbad vəziyyətdədir deyə əhali taksidən istifadə edir. Həm də taksiyə minmək daha sərfəli idi. 4 nəfər taksi çağırıb, adama 1-2 manat, hətta daha az verib ünvana çatırdı. Düz də edirlər. İnsanlar saatlarla ictimai nəqliyyat gözləmək məcburiyyətində deyillər.
Dediyim kimi, rəqabət apara bilmədilər deyə insanları qazancından, rahatlığından etdilər. İş gör nə həddə çatıb ki, imkanlarından istifadə edib taksilərin canına düşüblər. Kasıb da, imkanlı da taksidən istifadə edirdi, sürücülər də ailələrinə çörəkpulu aparırdı. İndi çıxıb birdən-birə deyir ki, “taksi əlçatan olmamalıdır”. Yəni taksidən istifadə azalsın, ailələr ac qalsın”.