Azərbaycanda iyunun 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına yeni qaydada icazə veriləcək. Bu, prezident İlham Əliyevin iyunun 14-də təsdiqlədiyi "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanuna edilən dəyişiklikdə əksini tapıb. Həmin dəyişiklik "tikinti amnistiyası" kimi dəyərləndirilir.
Deputat Aydın Hüseynov da "Turan"a deyib ki, bu sahədə ciddi nizam-intizamın yaradılmasına ehtiyac var. O, "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın üzərində dayanıb. Vurğulayıb ki, tikinti-quraşdırma işləri başa çatmış, dayanıqlılıq və möhkəmlik baxımından nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur:
"Digər dəyişiklik yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Belə ki, yerli icra hakimiyyətinin başçıları tərəfindən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunmalıdır. Həmçinin, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir".
İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, 2009-2010-cu illərdə ölkədə bina tikintisində rəqabət olub: "Həmin dövrdə iş adamlarının və ya məmurlara bağlı tikinti şirkətlərinin tikdiyi binalarda bu rəqabətdən doğan keyfiyyət göstəricilərinə müəyyən önəm verilirdi. Çünki alıcı itirməkdən qorxurdular".
İqtisadçının vurğulamasına görə, amma Azərbaycanda binaların qeydiyyata alınması prosesində problemlər yaşanmağa başlayanda bəzi iş adamları düşündülər ki, keyfiyyətə pul xərcləməkdənsə, binaları təhvil alan dövlət qurumlarına pul vermək daha cəlbedicidir: "Onlar həm keyfiyyətə görə xərclərini artırmaq, sonra da binanı qeydiyyata almaq üçün əlavə vəsait ödəmək və bununla iki dəfə xərcə düşmək istəmirdilər".
N.Cəfərlinin sözlərinə görə, indi yeni qaydalar bu məsələyə nəzarəti gücləndirməli və keyfiyyət göstəricilərini yüksəltməlidir: "Amma "iş adamları betonun keyfiyyətli olduğu ilə bağlı şəffaf sertifikatları təqdim etməklə rüşvətdən qurtaracaqlarmı" məsələsi sual doğurur. İndiki idarəçilik sistemində bu o qədər də inandırıcı görünmür".
İnşaatçı Rahab Qaziyev Azərbaycanda yeni tikilən binaların zəlzələyə davamlı və keyfiyyətli olmasına ciddi şübhə edir: "Əgər Türkiyədə bu il baş verən zəlzələ Azərbaycanda baş verərsə, çox binalar yerlə yeksan olacaq…". (Bu il fevralın 6-da Türkiyənin cənubunda dalbadal bir neçə təqribən 7 bal gücündə zəlzələ olub. 50 min insan həlak olub)
Ekspert qanuna edilən dəyişikliklərdən və yeni standartların qəbulundan sonra da müsbətə doğru dəyişikliklərin olacağına bir elə də inanmır: "Düzdür, buna güclü nəzarət olsa, nəsə dəyişəcək. Amma bu yoxdur. Vəziyyət də ona görə dəyişmir ki, hər şey pulla həll olunur. Pulunu ver, nə istəyirsən et. Yeni tikilən binaları düzgün və ciddi yoxlasalar, bunların çoxunun sakinlərini köçürmək lazım gələcək. Bu binaların əsas problemi bünövrəsindədir. İndi xeyli binaların sənədləri yoxdur. O sənədlərin verilməsi üçün icazəni verən xüsusi komissiya həmin sənədlərə qol çəkmir. Çünki heç kəs öz üzərinə məsuliyyət götürmək istəmir".
Yazıda yer alan fikirlərə binaların qeydiyyatına məsul qurumların rəsmilərindən münasibət almaq mümkün olmayıb.