Taksi xidmətlərində ciddi dəyişikliklər olacaq? - Yeni qərarlardan sonra GÖZLƏNTİLƏR

 Taksi xidmətlərində ciddi dəyişikliklər olacaq? - Yeni qərarlardan sonra GÖZLƏNTİLƏR

Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədaxili və beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, taksi fəaliyyəti ilə bağlı yeni tələblərin qoyulması qiymətlərin artımına səbəb olacaq.


Bəs taksi xidmətlərində qiymət artımı ictimai nəqliyyata necə təsir göstərəcək? Sıxlıq, tıxac daha da artacaq?


Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, ictimai nəqliyyatın mükəmmələşdirməsi istiqamətində ciddi addımlar atılmadan, taksi xidmətlərində uğurlu islahatlar mümkün deyil


"Ciddi nəzarət sistemi ilə mövcud qaydalardan kənar taksi fəaliyyəti ilə məşğul olunmayacaq. Bu xidmətlə məşğul olanlar üçün əlavə ödənişlər tətbiq ediləcək. Bütün bunlar hamsı xərcləri artıran yeniliklərdir. Taksi qiymətlərində artım qaçınılmaz olacaq. Xidmət haqqı bahalaşanda da əhalinin müəyyən təbəqəsi üçün taksilərlə hərəkət əlverişsiz və əlçatmaz ola bilər. Həmçinin taksi xidmətlərindən istifadə edənlərin də sayını azalması ilə nəticələnə bilər. Amma bir məqamda var ki, bu insanların mobilliyi təmin olunmalıdır. Onlar taksilərdən istifadə etmədikdə geriyə mikromobil vasitələr,fərdi avtomobil və ictimai nəqliyyat qalır. Mikromobil yəni velosiped, skuterdən istifadə edilməsidir, amma bizdə bunlardan stifadə çox cüzidir. Növbəti bir il ərzində də bu sahədə ciddi dəyişikliklər olacağını gözləmirik. Əgər ictimai nəqliyyata diqqət ayrılmasa sıxlıq artacaq. Fərdi avtomobillərdən də istifadənin artması o deməkdir ki, küçələrdə sıxlıq artacaq. İctimai nəqliyyatın mükəmmələşdirməsi istiqamətində ciddi addımlar atılmadan, taksi xidmətlərində uğurlu islahatlar mümkün deyil. Çünki həmin islahatlar əhalinin mobilliyinə təsir edəcək. Nəticədə bərbad ictimai nəqliyat olduğu halda küçələrdə sıxlıq artacaq. Üstəlik illeqal taksi xidmətləri şəbəkələri yeni mahiyyətdə ortaya çıxacaq. Nəzarət çətinləşəcək. Ona görə də yol nəqliyyat sahəsində uğurlu islahat aparılacaqsa, bu işə ilk olaraq ictimai nəqliyyatla başlamaq lazımdır", - deyə o qeyd edib


Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev isə Trend-ə açıqlamasında bildirib ki, şəhər mobilliyinin təminatında çeşidlərin olması mütləqdir.


"Bu olmadığı təqdirdə boşluğu fərdi avtomobil və taksi faəliyyəti doldurur. Pandemiya dövründə qeyri-qanuni taksi faəliyyəti daha da genişlənib. Bu da ictimai nəqliyyat sərnişlərinin sayına təsir edib. Bu təbii ki taksi qiymətlərinə təsir göstərib. Sürücülər qiymətdən, sərnişlər isə keyfiyyətdən narazı idi. Ona görə tənzimlənmə mütləq idi.


Bununla yanaşı ictimai nəqliyyata ayrılan avtobus zolaqlarına və sərt nəzarətə ehtiyac var. Səkilərin vəziyyəti təftiş olunmalı və maneələr aradan qaldırılmalıdır", - deyə o əlavə edib.

15:59 - 14 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin