Cəlilabad rayonunda 1981-ci il təvəllüdlü Aydın ailə münaqişəsi zəminində atası Vüsala (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin martın 12-də baş verib.
Aydın yaşadıqları evinin qonaq otağında ailə-məişət münasibətləri zəminində atası Vüsalla mübahisəsi olub.
Mübahisə zamanı atasının sol əl nahiyəsinə qəsdən təpiklə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, hadisə günü, axşam saatlarında ailə üzvləri ilə birgə yaşadıqları evə sərxoş vəziyyətdə gəlib:
“Atam məni gördü və qəzəblənərək məndən niyə mütəmadi şəkildə belə hərəkətlərə yol verməyimi söruşdu. Mən isə atama cavabımda işimə qarışmamasını bildirdim. Lakin atam yenidən təkidlə məndən niyə belə halda evə gəlməyimin səbəbini soruşdu. Bu baxımdan aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı atamın əl nahiyəsinə təpiklə zərbə vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, atası hadisənin səhəri günü bununla bağlı polis şöbəsinə gedərək ondan şikayət edib.
Zərərçəkmiş Vüsalın sözlərinə görə, oğlu sərxoş vəziyyətdə birgə yaşadıqları evə gəlib:
“Oğlumdan evə niyə içkili vəziyyətdə gəlməyimin səbəbini soruşdum. Oğlum mənimlə sözlü mübahisə etməyə başladı və aqqressiv vəziyyətdə üzərimə hücum çəkdi. Onu sakitləşdirib, bu hərəkətlərindən qorunmaq istədiyim an təpiklə sol əlimə zərbə endirdi. Zərbənin təsirindən sol əlimin ikinci barmağı sındı”.
Bu cinayət işinə Cəlilabad rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Aydının barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az