Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov 2014-cü ildə Nağı Kəngərli adlı iş adamını Dövlət Əyar Palatasında işə düzəltməklə bağlı söz verməsi, bunun müqabilində ondan 500 min dollar, bahalı hədiyyələr alması barədə iddialara münasibət bildirib.
Asayis.Az xəbər verir ki, N.Cavadov müsahibəsində Nağı Kəngərlinin onun haqqında səsləndirdiyi iddiaları təkzib edib.
“Belə şeylərə fikir verməyin. Elə adamlar xalq, millət üçün ləkədir. “Zasluqa”larımı toplasan, onun çəkisinə dəyər. Mən dövlət, elm adamıyam, akademikəm, iki jurnalın baş redaktoruyam, dörd jurnalın redaktə heyətinin üzvüyəm. Xaricdə yüzdən artıq məqalələrim çap olunub. Bütün Avropa dövlətlərində konfranslarda iştirak etmişəm. O adam psixi xəstədir, onu məhkəməyə vermişik. 10 ildən sonra insan insana ləkə yaxa bilər? Bir dəfə mənim qapımı döyməyib. Onu bacım oğlunun vasitəsi ilə üç-dörd dəfə görmüşəm. Gördüm ki, niyyəti nədir... Yerlilərindən bir nəfər dedi ki, bu adamdan uzaq ol. O vaxtdan ona bildirdim ki, yanıma gəlmə, işim-gücüm var. Dedi ki, “ay Natiq müəllim, siz də mənim dayım”. Dedim ki, “bacıoğlu ol, amma öz evində-eşiyində...” Elə adamlar ancaq millətə, xalqa “parazit” olurlar. Mənim işlədiyim yer elədir ki, dövlətə verdiyim xeyri heç Nağı Kəngərlinin nəsli verməyib. Heyif o soyaddan ki, ondadır. Bir də heyf o Naxçıvan torpağına ki, o, naxçıvanlıdır, heyf...”, - N.Cavadov deyib.
O, “Nağı Kəngərlinin müsahibəsini izləmisinizmi?” sualına isə belə cavab verib: “Müsahibəsini görmüşəm, sözün açığı, heç qulaq asmadım. Onun müsahibə verdiyi qəzet bağlanmış qəzetdir, çıxıb orada deyir ki, Prezidentin tərəfindəyəm. Dövlətin Prezidentin tərəfində olan qurumları var. Ümumiyyətlə, Azərbaycanda belə bir xəstəlik yaranıb: kim bir az qabağa gedir, onun ayağından dartmaq, ləkələmək istəyirlər. Nağı Kəngərli qanun qarşısında cavab verəcək, vəssalam. Vəkil tutmuşam, heç özüm də məhkəməyə getmirəm. O, dövlət orqanlarına yazıb, amma dedikləri təsdiqini tapmayıb. Müsahibəsindən sonra onu məhkəməyə verdim. Belə xəbərlərə görə kimsə yalandan reytinq qazanır. Çox şey yazarlar. Ən hörmətli adamlar haqqında da yazırlar, lənətəgəlmişlər. Nağı Kəngərlinin şikayəti təsdiq olunmadı, ola da bilməz. Axı olmayan şeydir. Birincisi, mən o işlə məşğul olan deyiləm. İnanın ki, onun dediyi vəzifənin heç açılışını bilmirdim. Bilmirdim ki, savadı, təhsili nə idi?”
N.Cavadov N.Kəngərlinin ona bahalı kostyumlar, hədiyyələr verməsi barədə iddialarına isə belə cavab verib: “Yalan deyir. Mənim kostyumlarımı camaat geyinir. Mənə nə olub ki, onun ayaqqabısına möhtac qalam? Bu saat hər şey mağazada doludur. Mənim özümün gedib almaq imkanım yoxdur ki? Nağı Kəngərli kimdir, mənə hədiyyə verir? Özü də nəyə görə hədiyyə verir? İndi kim kimə elə-belə hədiyyə verir? Mənim elə titullarım bəs edir... Bütün Respublika məni tanıyır. Bu, mənim imicimə böyük zərbə vurdu. Hamı məni tanıyır. Tanıyan bilir ki, mən kiməm. Heç kəsin toyuğuna daş atmıram. Əksinə, mən tamam başqa insanam. Belələrinin başını əzmək lazımdır. Ziyalı jurnalistlər elələrinin başına qapaz vurmalıdır. 9 ildə sən adamın qapısını açmırsan, 9 il sonra gəlib deyirsən ki, mənə pul ver... Heç özünə də demirsən”.
N.Cavadov Nağı Kəngərliyə “hara müraciət edirsən, et, bütün hüquq-mühafizə orqanlarında məni tanışlarım var” deməsi barədə iddianı da təkzib edib: “Yalan deyir. Adını eşidəndə yadımdan çıxdı ki, belə bir adam var. O, dövlət qurumlarına bir ay olar ki, müraciət edib. Bilirlər ki, mən kiməm, hamı tanıyır. Məni aparıb dənizin içinə atsalar, görəcəklər ki, suyun üzündə qalan adamam. Mənim nəslim, əslim var. Müharibə görmüşəm. Dövlət üçün gördüyüm işlər cənab Prezident tərəfindən qiymətləndirilib. Mən elə-belə adam deyiləm”.
Pravda.az