Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.
DİM-dən Asayis.az-a bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 binada təşkil olunur.
İmtahan saat 10:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Bu imtahanda iştirak üçün 17705 bakalavr ərizə təqdim edib. Onlardan 16461 nəfəri Azərbaycan bölməsi, 1244 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
İmtahanda 13 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Qəbul imtahanı (ikinci cəhd) Bakıda 51, Sumqayıtda 5, Gəncədə 5, Naxçıvanda 2, Abşeronda 3, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 12934, Naxçıvanda 463, Gəncədə 1323, Sumqayıtda 1317, Abşeron 742, Mingəçevirdə 560, Lənkəranda 366 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 71 ümumi imtahan rəhbəri, 204 imtahan rəhbəri, 1628 nəzarətçi-müəllim, 244 buraxılış rejimi əməkdaşı (mühafizə), 71 bina nümayəndəsi cəlb olunub.
Bakalavrlar imtahana gələrkən aşağıda qeyd olunan sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- İmtahana buraxılış vərəqəsini.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.