“20 Yanvar”ı və “Şamaxinka”nı zəbt edən sürücülərə SON XƏBƏRDARLIQ - VİDEO

 “20 Yanvar”ı və “Şamaxinka”nı zəbt edən sürücülərə SON XƏBƏRDARLIQ - VİDEO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “20 Yanvar” və 3-cü mikrorayon dairələrini, eləcə də “Şamaxinka” adlanan ərazini zəbt edən taksi sürücülərinə son dəfə xəbərdarlıq edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-ın əməkdaşları ilə birlikdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində olub və bildirib ki, burada sürücülər üçün hər cür şərait yaradılıb. Artıq qeyd olunan ərazilərdə yolları və səkiləri zəbt edərək rayonlara sərnişin daşıyan taksilər Avtovağzal Kompleksinin ərazisində dayana biləcəklər. Bunun üçün onlara normal şərait yaradılsa da, sürücülər yenə də “20 Yanvar” və digər ərazilərdə sıxlıq və tıxac yaratmaqla məşğuldur.

Yol polisi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə reydlər keçirməklə həmin sürücüləri Avtovağzal ərazisinə yönləndirəcək. Bu əraziyə daxil olmayanlar isə əvvəlki kimi xaos yarada bilməyəcəklər. Çünki DYP və AYNA əməkdaşları tez-tez reydlər təşkil edərək sözügedən ərazilərdi təmizləyəcək.

Araz Əsgərli bildirib ki, metronun Avtovağzal stansiyasının da burada olması insanlara normal sərnişindaşıma xidməti göstərməyə imkan verəcək. Bir sözlə, burada geniş bir nəqliyyat qovşağı yaradılır ki, bu da insanların seçim imkanlarını genişləndirir: “Kim istəsə avtobusla, metroyla rahat hərəkət edəcək. Taksilər də öz yerində. 20 Yanvar dairəsi və ətraf ərazilərdə xaosa son qoyulacaq. Çünki Avtovağzal ərazisində sürücülərə hər cür şərait yaradılıb. İndiyədək deyirdilər ki, bizə yer verin. Bu da onlar üçün yer. Buyurub gəlsinlər”.
 

 

17:55 - 9 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin