Astara rayonunda 1997-ci il təvəllüdlü Əlvan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı Məhəmmədə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin martın 19-da Astara rayonunun Siyaku kəndində baş verib.
Əlvan yaşadıqları evdə qardaşı Məhəmmədlə televizor pultunun kimin istifadə etməsi ilə bağlı mübahisə edib.
Bu zaman Əlvan Məhəmmədin göz nahiyəsinə vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əlvan bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşağı var:
“Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəmin dolanışığını təmin edirəm. Qardaşım ilə bir evdə yaşayırıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 19-da, saat 14 radələrində yaşadığı evdə olan zaman qardaşı Məhəmməd televizora baxıb:
“Həmin vaxt Məhəmmədə başqa kanala baxmaq istədiyimi bildirdim. Bu zaman aramızda mübahisə yarandı. Məhəmməd ailəmi söydüyü üçün əsəbləşərək onun göz nahiyəsinə bir yumruq vurdum”.
İş üzrə zərərçəkmiş Məhəmmədin sözlərinə görə, martın 19-da, saat 14 radələrində yaşadıqları evdə otaqda uzanaraq televizora baxıb:
“Həmin vaxt qardaşım Əlvan gələrək mənə “dur buradan, mən başqa kanala baxıram” dedi. Əlvana etirazımı bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı Əlvan yumruqla göz nahiyəmə vurdu”.
Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Əlvanın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az