Həbsdə olan jurnalist Azər İsrafilov damarlarını kəsərək özünə xəsarət yetirib. Olayın baş verməsinə səbəb Azər İsrafilovun ağır xəstəliyinin diqqətdən kənarda qalmasıdır.
Asayis.Az xəbər verir ki, hadisə may ayının 27-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş verib.
Azər İsrafilovun anası Zenfira İsrafilovanın verdiyi xəbərə görə, Azər may ayının 13-də vəziyyəti pisləşdiyi üçün 7 saylı cəzaçəkmə müəssisəsindən Müalicə Müəssisəsinə köçürülüb:
"Oğlum Azər İsrafilov artıq 2 il 8 aydır həbsdədir. 2021-ci ilin iyul ayından onda digər xəstəliklər də aşkar edilsə də, əsasən, "Hepatit C" xəstəliyindən əziyyət çəkirdi. Sonuncu dəfə may ayının 22-də Müalicə Müəssisəsinə yanına görüşə getdim. Telefonda demişdi ki, Hepatit xəstəliyi ilə bağlı burada müalicə aparmırlar. Həkimlər deyirlər ki, dərmanlarını öz hesabına almalısan.
Mən də görüşə getdiyim zaman özümlə dostlarının ona göndərdiyi 200 manat pulu apardım. Görüş zamanı dedi ki, vəziyyətim ağırlaşır, viruslar qanda çoxalıb, müalicə olunmasam, qaraciyər sirrozuna çevriləcək.
Sonuncu dəfə may ayının 26-da zəng etdi, cəzaçəkmə müəssisəsinə köçürüləcəyindən xəbəri yox idi. 3-4 gün zəng etmədi. May ayının 30-da zəng edib 2-3 dəqiqəlik danışdı və yenə özünə xəsarət yetirməsi ilə bağlı nəsə demədi. Görüşə getdiyim zaman həmkarlarına yazdığı müraciəti mənə verdi və Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədov və baş həkim Zahir Əliyevin onunla oyun oynadığını bildirdi. Xahiş edirəm, oğlumun müalicəyə ehtiyacı olduğunu yuxarı təşkilatlara çatdırasınız".
Qeyd edək ki, Azər İsrafilov həmkarlarına yazdığı müraciətdə ağır xəstəliyi və hadisənin necə baş verməsi ilə bağlı ətraflı yazıb.
““Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əsasən, hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla, sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Ancaq qanunda yazılanların heç biri Azərə tətbiq olunmayıb. Əksinə, onun hüquqları pozularaq yuxarı instansiyalara göndərdiyi şikayət ərizələri göndərilməyib və müalicə olunmadan cəza çəkdiyi müəssisəyə göndərilməsi barədə qərar qəbul olunub və bu haqda özü əvvəldən məlumatlandırılmayıb. Həmçinin onun köçürülməsi barədə ailəsinə məlumat vermək hüququ da pozulub.
Ümid edirəm Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Tibb Baş -İdarəsi, Penitensiar Xidmət və Ombudsman Azərin xəstəliyi ilə bağlı tədbir görəcək”. (yenisabah.az)