“Əzizim əzizdir, tərbiyəsi ondan da əziz”. Yəqin ki, bu deyimi çoxlarımız eşitmişik.
Uşaqlar gələcəyimiz hesab edilir, lakin cəmiyyətin normal inkişaf etməsi həm də ailələrdə verilən tərbiyədən asılıdır. Son günlərdə uşaqların məktəbdə, bağçada zorakılıq hallarına məruz qalması haqqında xəbərlər oxuyur, görüntülər izləyirik.
Uşaqların təlim-tərbiyəsində mühüm rol oynayan tədris məkanlarında bu halların baş verməsi üzücü haldır.
Bəs görəsən zorakılıq həddinə çatan müəllim-şagird münasibətlərində günahkar olaraq kimi görməliyik?
Mövzu ilə bağlı sualımızı psixoloq Fərqanə Mehmanqızına ünvanladıq.
MÖVZU İLƏ BAĞLI:
Rəşid Mahmudov şagirdi döyən məktəb direktorunu QINADI: “Allah insana nitq, təfəkkür, şüur verib”
Psixoloq bu məsələdə günahı tək müəllimdə görmədiyini bildirib:
“Mən zorakılığın qəti əleyhinəyəm. Amma elə uşaqlar var ki, müəllimləri o həddə çatdırır. Gəlin, obyektiv olaq, valideynlərə sual ünvanlayaq ki, uşaqları hansı hərəkətləri edir ki, müəllim də o həddə çatır. Valideynlər cəmiyyətə sağlam təfəkkürlü uşaq verə bilmirsə, problemi özlərində görsünlər, müəllimlərdə deyil. Hamı məsələnin kökünü araşdırmadan mühakimə edir.
Bəlkə o müəllimə uşağı siqaret çəkən yerdə yaxalayıb? Bəlkə həmin uşağa dəfələrlə xəbərdarlıq olunub? Bəlkə həmin uşaq özündən kiçik şəxsə şiddət törədib və bu səbəbdən danlanıb? İlk növbədə bu sualların cavabını tapmaq lazımdır. Ümumiyyətlə son dövrlərdə müəllimlərə qarşı psixoloji təzyiqlər var, bunun axırı yaxşı olmayacaq”.
Psixoloq həmçinin bəzi valideynlərin uşaqlarına qarşı dözümsüz və etinasız olduqlarını da dilə gətirib:
“Pandemiya dövründə bəzi valideynlərin dilindən tez-tez “Məktəb açılsaydı uşaqlar dərsə gedərdi, qulağımız dinc olardı” kimi ifadələr eşitmək mümkün idi.
Əfsuslar olsun ki, onlar "məktəb açılaydı, təhsil alardılar" cümləsini deyil, sırf qeyd etdiyim ifadəni işlədirdilər. Valideynin belə bacara bilmədiyi, haqqında elə ifadələr işlətdiyi övladına müəllim necə tərbiyə verə bilər ki? Yenə də qeyd edirəm ki, şiddətin əleyhinəyəm. Amma bəzi uşaqlar var ki, onlara yaxşı şillə vurulmalıdır. Hansı ki, bu şillə onların həyatında, gələcəyində müsbət mənada dəyişiklik üçün təkan ola bilər”. //bizimmedia