Sabiq deputatın kürəkəni 100 milyonluq payını qayınlarına VERDİ

 Sabiq deputatın kürəkəni 100 milyonluq payını qayınlarına VERDİ

“Muğanbank” ASC-nin səhmdarları dəyişib.
Asayis.Az xəbər verir ki, “Muğanbank” ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib.

Bundan başqa bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb.

Bu ilin əvvəlində “Muğanbank” ASC-nin səhmdarları aşağıdakı kimi olub:

Elmir Mehdiyev (67,74%),

Maqbet Mehdiyev (11,58%),

Vəfa Vəliyeva (10,65%),

Fəridə Mehdiyeva (10,03%).

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 137,5 milyon manat olan “Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb.

Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir.

Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.

Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib.

Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır.

Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçün profesordur. (Yeniavaz.com)

14:30 - 8 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin