“Ötən gün ikinci oxunuşda büdcə məsələlərinə növbəti dəfə baxdıq. Minimum əməkhaqqının 345 manat olması büdcədə nəzərdə tutduğumuz vəsaitlə bağlıdır. Mütəmadi olaraq cənab Prezidentin tapşırığı ilə İqtisadiyyat Nazirliyi tərəfindən inflyasiyanın qarşısının alınması ilə əlaqədar tədbirlər görülür, az da olsa, minimum əməkhaqqı qaldırılıb. Deməzdim ki, bugünkü bazarın qiymətlərinə, insanların yaşamına 345 manat bəs edir. Bəs etmir. Əlbəttə, mən də istəyərdim ki, gələcəkdə minimum əməkhaqqı 1000 manat yox, bundan da artıq olsun. Kim istəməz ki, öz xalqı yaxşı yaşamasın?”
Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızın yenidən bərpası, keçmiş qaçqın və köçkünlərimizin dədə-baba torpaqlarına qaytarılması, şəhərlərimin yenidən qurulması kimi işlərin tez bir zamanda həyata keçirilməsi üçün mümkün vəsait lazımdır: “Bütün dünyanın gözü Qarabağdadır. Biz xarici borclardan istifadə edən ölkələrdən deyilik. Təbii ki, öz gücümüzlə, vəsaitimizlə bütün bu işləri həyata keçiririk. Dövlət büdcəsində nəzərdə tutulan qaydalara uyğun Qarabağı bərpa edirik. “Böyük Qayıdış”a hazırlaşırıq. Əlbəttə, gələcəkdə istərdim ki, minimum əməkhaqqı məsələsi öz aktuallığını saxlasın. Bütün insanların maaşları artsın”.
C.Paşazadə minimum əməkhaqqı ilə bağlı narazılıq edənlərin “deputatlar özləri 345 manatla dolana bilməzlər” fikrinə isə belə cavab verib: “Hər kəsin fikrinə hörmətlə yanaşıram. İnsanların hərəsinin öz psixologiyası var. Ötən gün büdcə müzakirəsində deputatların əksəriyyəti bütün sahələrdə mövcud problemlərə diqqət çəkdilər. Milli Məclis xalqı narahat edən problemləri müzakirəyə çıxaran bir orqandır. Millət vəkilləri də bunun üçün əllərindən gələni edirlər. İclasın əvvəlində yarım saatlıq çıxışda da Milli Məclisin əksər üzvləri orta əməkhaqqının qaldırılması məsələsinə toxundular. Düşünürəm, cənab Prezidentin rəhbərliyi ilə bütün bunlar hissə-hissə həyata keçiriləcək. Bu, dövlətimizin ən qabaqcıl siyasətindən biridir. Amma bu məsələlərin hər biri iqtisadiyyatdan asılıdır”.
Pravda.az