Qubada qudalar arasında dava

 Qubada qudalar arasında dava

Quba rayonunda 1954-cü il təvəllüdlü Vəli ailə münaqişəsi zəminində qudası Gülşənə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin fevralın 26-da Quba rayonunun Vladimirovka kəndində baş verib. 

Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Gülşən onun oğlu Valehin  qayınanasıdır: 

“Oğlum 2014-cü ildə ailə həyatı qurub. Lakin ailəsində arvadı ilə anlaşa bilmədikləri üçün bir neçə dəfə aralarında ailə daxili münaqişələri baş verib. Hadisə baş verən günü, saat təqribən 15 radələrində yaşadığım evdə otağımda azyaşlı nəvəm ilə birlikdə olan zaman gəlinim Səlimə zərblə qapını açdı və içəri daxil oldu. 

O, nəvəmi aparmaq istədi. Mən isə buna imkan vermədim. Mən otaqdan həyətə çıxdım. Həyətdə Səlimənin valideynlərinin və qardaşının həyətə girmələrini gördüm. Gəlinim uşağı aparmaq istədiyini üçün onun qarşısını kəsdim. Bu zaman Gülşən əli ilə boğazıma əl atdı. Mən də Gülşənin əlindən tutaraq itələdim”.

Təqsirləndirilən şəxs deyib ki, münaqişə yaşadıqları evin həyətində olub: 

“Gülşənin qolundan tutaraq burdum və yaxasından tutaraq dartmaqla itələdim”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Gülşənin sözlərinə görə, hadisə günü saat 15 radələrində qızının evdən çıxmasına görə azyaşlı nəvələrini və onların paltarlarını götürmək Vəlinin evinə gediblər: 

“Qızım ilə birlikdə həyətə daxil olduq. Uşaqları və onların paltarlarını götürmək istəyən zaman Vəli mane olaraq, əvvəl sol qolumdan tutaraq burdu və sonra itələdi. Daha sonra əli ilə yaxamdan tutdu və silkələdi. Nəticədə  müvazinətimi itirərək yerə yıxıldım. Sağ ayağımdan xəsarət aldım”.

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb.
 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Vəlinin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 
 


Demokrat.az

13:11 - 5 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin