Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyev korrupsiya əməlinə yol verməsi faktına görə vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi başlanıb. Asayis.Az xəbər verir ki, bu barədə Gununsesi.info -nu bilgiləndirən mənbənin xəbərinə görə, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dünən əmr imzalayıb. Komitə sədrinin 1000/349Ş nömrəli əmrində deyilir:
Müvafiq cinayət işi üzrə barəsində xidməti araşdırılma aparılması ilə əlaqədar olaraq, “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 56-cı maddəsinə əsasən əmr edirəm:
Mehdiyev Arif İbad oğlu Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsindən azad olunsun. Onun informasiya sistemində elektron imzadan istifadəsinə məhdudiyyət qoyulsun”.
Qeyd edək ki, hələ bir neçə gün öncə Şahin Bağırovun gömrük polkovnikinin korrupsiya əməliyyatını ifşa etməsi haqda xəbər yaymışdıq. Xəbərdə bildirilirdi ki, gömrük polkovnikinin 150 min manatlıq korrupsiya əməlinin üstünü elə Dövlət Gömrük Komitəsinin özü açıb.
Məlum olub ki, regional idarənin rəis müavini Arif Mehdiyev qardaşı sahibkar kimi fəaliyyət göstərən Akif Mehdiyevə məxsus “Bayn Trading” MMC vasitəsilə xarici ölkələrin birindən Azərbaycana bahalı parça gətirilib.
Lakin gömrük sənədləşməsində həmin parçanı tül kimi sənədləşdirərək, real qiymətini bir neçə dəfə azaldıblar. Beləliklə, 150 min manata yaxın vəsaiti gömrük orqanlarından yayındırılıb.
Araşdırmalar zamanı Arif Mehdiyevlə bərabər digər şəxslərin də əməlinə hüquqi qiymət veriləcək.