“Azərbaycanda pensiya qanunvericiliyi ən çox narazılıq yaradan sahədir” - İqtisadçı

 “Azərbaycanda pensiya qanunvericiliyi ən çox narazılıq yaradan sahədir” - İqtisadçı

“Beynəlxalq təcrübəyə və Azərbaycan Respublikasında 2006-cı ildə qəbul edilmiş qanunvericiliyə görə, pensiya yaşında olmaq standartları təqribən 12 il götürülür. Yəni, bu, o deməkdir ki, vətəndaş pensiyaya çıxdıqdan sonra ən azı 12 il yaşamalıdır və pensiya almalıdır”. 
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında iqtisadçı ekspert Nazim Bəydəmirli deyib. 

İqtisadçı bildirib ki, ölkəmizdə pensiya qanunvericiliyi ən çox dəyişiliklərə məruz qalan və ən çox narazılıq yaradan bir sahədir: 

“BMT-nin və ÜST-ün məlumatlarına görə, Azərbaycanda orta ömürlük kişilər üçün 72, qadınlar üçün 77-dir. Bu, o deməkdir ki, indiki qanunvericiliyə görə, həm kişilər, həm də qadınlar 65 yaşında pensiyaya çıxırlar. Belə demək mümkündürsə, pensiyada olma müddəti kişilər üçün cəmi 7, xanımlar üçün isə 12 ildir. 

Ancaq digər ölkələrin təcrübəsinə baxanda görürük ki, orta statistik ömür Yaponiyada 84, ABŞ-da 83, Avropa ölkələrində isə 80-dən yuxarıdır. Əlbəttə ki, səhiyyə sistemi, sosial müdafiə sistemləri normal olan ölkələrdə orta ömürlük və pensiyada qalma müddəti çoxdur”.

İqtisadçı bildirib ki, bəzi ölkələrdə insanlar daha tez pensiyaya çıxırlar:

“Hətta, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin hansındasa pensiya yaşı bizlə bərabərdirsə, ancaq onun pensiyada olma müddəti bizdən qat-qat yuxarıdır. Ən azı 15-20 il arasıdır. Ona görə də, deputatlar bu barədə danışmaqdansa, real iş görsünlər. İlk növbədə pensiya islahatları normal aparılmalıdır. Çünki dediyim kimi, pensiya qanunvericiliyində çox-çox ciddi dəyişiklik olub və heç biri də müsbət nəticə verməyib. Məncə, Gürcüstan təcrübəsindən daha çox yararlanmaq lazımdır. 

Dövlət büdcəsi hesabına hər il pensiya fonduna dotasiyalar artmaqda davam edir. Artan pensiyaları da vergi ödəyiciləri olaraq biz özümüz ödəyirik. Pensiya qanunvericiliyi isə ondan ibarətdir ki, özəl pensiya fondları və şəffaf idarəetmə olmalıdır. Pensiya fonduna verilən vəsaitlər sığorta kapitalı dediyimiz pensiya kapitalı normal idarə olunmalıdır. Onlar pensiyaçılara əlavə gəlir gətirməlidir. Ancaq çox təəssüf ki, bu, baş vermir. Bunun kökündə olan səbəb isə məmur sahibkarlığı, iqtisadiyyatda monopoliya və ikili mühasibatlıqdır”.
 

Demokrat.az

15:29 - 31 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin