“Kupça” almaq üçün pul aldı, vədinə əməl etmədi

 “Kupça” almaq üçün pul aldı, vədinə əməl etmədi

Şamaxı rayonunda 1964-cü il təvəllüdlü Arasxan həmyerlisi Abbasa qarşı dələduzluq edib. 

Asayis.Az-ın məlumatına görə, Atasxan tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə, özünü daşınmaz əmlakın alqı-satqısı və sənədləşdirilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edib. 

O, formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə tanışı Abbasın istifadəsində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,12 hektar torpaq səhəsi, həmin sahədə inşa edilmiş iki ədəd fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyertrindən çıxarış alacağlna vəd verib.

Bu məqsədlə o, əvvəlcə 2021-ci ilin avqustun əvvəllərində Abbasa məxsus evdə ondan 1500 manat, daha sonra isə 2021-ci ilin noyabrın əvvəllərində 1000 manat alıb. O, vədinə əməl etməyək, dələduzluq edib. 

Hadisəni törədən Arasxanın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arasxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Abbas ilə 2021-ci ildə tanış olub: 

“Abbas Şamaxı rayonu, Nağaraxana kəndində 6 sot torpaq sahəsində inşa edilmiş yaşayış evinin satışa çıxarılmasından məlumatım olub. Həmin ərəfədə tanımadığım iki nəfər, sonradan adları mənə məlum olan Kürdəmir rayon sakinləri - Elman və Sabir adlı şəxslər Çuxuryurd kəndində yerləşən ət kəsimi və satışı mağazasına gələrək, ev almaq istədiklərini bildirdilər. Həmin şəxslərə Nağaraxana kəndində Abbas adlı şəxsin evini satışa qoyduğunu dedim. Daha sonra evin sahibi Abbas Elman adlı şəxslə evin qiyməti ilə bağlı razılığa gəldilər”.
 
Təqsirləndirilən şəxs deyib ki, söhbət zamanı Abbas ümumilikdə 12 sot torpaq sahəsinin və oradakı iki ədəd evin çıxarışının olmadığını həmin şəxslərə deyib: 

“Abbasa həmin ərazini və evlərin çıxarışını almaqda köməklik edə biləcəyimi dedim. Abbas razılaşdıqdan bir neçə gün keçdikdən sonra, birlikdə Şamaxı Asan Xidmət Mərkəzinə getdik. Əmlaklar üçün çıxarış almaq məqsədilə Abbas mənə etibarnamə verdi. Etibarnamə aldıqdan sonra Abbasla birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə getdik. Şifahi müraciət etdik. Orada olan zaman hal-hazırda Şamaxı rayonunun ümumi elektron xəritəsinin işləndiyini, elektron xəritə hazır olduqdan sonra çıxarışların veriləcəyini bildirdilər”. 

Arasxan qeyd edib ki, bundan sonra Abbasın Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən evində olarkən, sonuncu çıxarış almaq üçün lazımi sənədləri ona verib: 

“Sənədləri götürdükdən sonra çıxarış almaq üçün pul lazım olduğunu Abbasa dedim. Abbas isə mənə 1500 manat verdi. Pulu alandan sonra Abbasa 15 gün ərzində iki ədəd evin və 12 sot torpaq sahəsinin çıxarışını alıb verəcəyimi söz verdim. Həmin gündən sonra əmlaklara çıxarış almaq üçün çalışdım. Lakin çıxarışı almaq mümkün olmadığından təxminən bir-iki ay keçdikdən sonra sənədləri Bakı şəhərinə apardım. Çıxarış almaq fikrinə gəldim. Bu səbəbdən Abbasa bildirdim ki, əlavə 1000 manat pul versin. Abbas əlavə 1000 manat pul verdi. Sonradan Bakı şəhərinə getdim. Lakin elektron xəritə hazır olmadığından çıxarışı ala bilmədim”. 

Təqsirləndirilən şəxs bildirib ki, həmin müddətdə artıq Abbasın ona verdiyi 2500 manatı xərclədiyi üçün ona elektron xəritənin yaxın müddətə hazır olacağını, ondan sonra çıxarış alacağını deyib: 

“Daha sonra Abbas mənə verdiyi pulu geri istədi. Lakin həmin pulu xərclədiyim üçün Abbasdan mənə vaxt verməsini xahiş etdim. Lakin  həmin məbləği toplayıb Abbasa qaytara bilmədim”. 

Arasxan qeyd edib ki, hazırda zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəyib: 

“Zərərçəkmiş şəxs ilə barışmışam. Əməlimdən peşman olmuşam”. 

Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Arasxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
 

Demokrat.az

13:58 - 31 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin