Gədəbəydə Azərbaycan ordusunun hərbi qulluqçusunun da iştirakçısı olduğu kütləvi davanın təfərrüatı bəlli olub.
Asayis.Az-ın məlumatına görə, davaya səbəb qadınla bağlı mübahisə olub.
Hərbi qulluqçu Elpərəs İbrahimovla Teymur Tapdıqov arasındakı münaqişə davaya çevrilib və E.İbrahimov T.Tapdıqovu bıçaqla vurub. Daha sonra Samir Tapdıqov davaya qarışıb və nəticədə Elpərəs İbrahimovla bir-birilərinə xəsarət yetiriblər.
Qeyd edək ki, Hərbi Prokurorluq hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz” adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə istintaq davam etdirilir.
İş üzrə hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib, digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsinin, o cümlədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə digər istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İstintaqın gedişatı və hadisənin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov isə bildirib ki, Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində iki nəfərin bıçaq xəsarəti alması, bir nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri: 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı, 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirib, nəticədə T.Tapdıqov ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdiriliblər.
Oxu.az