Şagirdlərin məktəbə telefon aparması qadağan olunacaq? — Nazirlik açıqladı

 Şagirdlərin məktəbə telefon aparması qadağan olunacaq? — Nazirlik açıqladı

Son günlər Elm və Təhsil Nazirliyinin növbəti dərs ilindən etibarən şagirdlərin məktəbə telefon cihazlarının gətirməsi ilə bağlı qadağanın tətbiq olunacağı ilə bağlı fikirlər dolaşır.

Məktəblilər adətən telefon vasitələrindən valideynlərlə əlaqə və digər vasitələr üçün istifadə edirlər. Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi Referans.az saytının sorğusunu cavablandırıb.

“Əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təşkil etməlidirlər. Əgər valideyn/qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə, o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir”.

Təhsil eksperti Elçin Əfəndi şagirdlərin məktəbdə telefondan istifadə etməsinin dərsin keyfiyyətinə və gedişatına mənfi təsir etdiyini bildirib.

“Şagirdlərin telefonları məktəbə gətirməsi əlbəttə ki, yolverilməzdir. Tədris prosesində biz dəfələrlə müşahidə etmişik ki, bəzi şagirdlər dərs pozuntusuna yol verirlər. Bu nöqteyi-nəzərdən əgər telefonlar məktəbə gətirilsə belə, onlar xüsusi olaraq alınıb yığılmalıdır və dərs bitdikdən sonra geri qaytarılmalıdır. Bu qadağanın olması dərslərin gedişatına mühüm təsir edəcək. Çünki istənilən halda telefon şagirdin üzərində olanda zəng gələrkən diqqəti yayınır. Bundan əlavə dərs boşluğunda şagirdlər istər-istəməz telefona yönəlir. Valideynlər bu mövzuda xüsusilə diqqətli olmalıdır. Digər bir ehtimalla smartfon tipli cihazların yerinə sadə telefonlardan istifadə də mümkündür. Telefondan bu cür istifadə şagirdlərin dərs nəticələrinə də olduqca mənfi təsir göstərir”.

16:23 - 22 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin