Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlama verib.
Bildirilib ki, dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub: “Müvafiq araşdırmalar aparılır. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Gəncədə qumbara partlayıb. Hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
Sözügedən ünvanda yerləşən kafeyə naməlum şəxs qumbara atıb. Qumbara partlayıb, xoşbəxtlikdən hadisə vaxtı ölən və xəsarət alan olmayıb. İlkin məlumata görə həmin ərazidə dava olub.