Evli kişi sevgilisini bıçaqladı - MƏHKƏMƏ

 Evli kişi sevgilisini bıçaqladı - MƏHKƏMƏ

Bakının Sabunçu rayonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Tərlan Qafarovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Asayis.Az məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, məhkəmə baxışı zamanı ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Tərlan Qafarov ifadəsində göstərib ki, 2017-ci il tarixdə Nərgiz Namazova (şərti) ilə ailə həyatı qurmuş və həmin evlilikdən 2 övladı olub. O, taksi sürərək qazandığı pulla ailəsini təmin edib. Lakin 3 il əvvəl anası vəfat etdikdən sonra depressiya yaşayıb. Anasının ölümü ona çox pis təsir edib və Tərlan həmin vaxtlarda xatırlamadığı sosial şəbəkədə baxılan iş üzrə zərərçəkmiş Vüsalə Əliyeva ilə yazışmaqla tanış olub. Bir neçə gün sonra “Qara Qarayev” metrostansiyasının yaxınlığında görüşüblər.

Onun sözlərinə görə, Vüsalə ilə vaxt keçirmək onun xoşuna gəlib və onların münasibətləri daha da yaxınlaşıb. Tərlan artıq Vüsaləyə bağlanıb və tez-tez onunla görüşməyə başlayıb. Vüsalə ilə tanışlıqdan təxminən 2 ay sonra o, arvadı Nərgizə Vüsalə ilə münasibəti barədə danışıb. Nərgiz bunu çox pis qəbul edib. Lakin bir müddət sonra arvadı artıq onun həyatında başqa qadın olduğunu qəbul edəsi olub.

Hadisədən təxminən 1 il əvvəl Vüsalə birlikdə kirayədə yaşamağa başlayıb. Bəzi vaxtlarda isə arvadı ilə uşaqlarının yaşadığı evə də gediblər. Vüsalənin 17 yaşlı qızı var. Amma həmin qız Biləsuvar rayonunda Vüsalənin anası ilə birlikdə yaşayır.

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, o, Vüsalə ilə bir yerdə yaşamağa başladıqdan sonra qadının mobil telefonunda adını və nömrəsini xatırlamadığı bir kişi ilə yazışdığını görüb. Maraqlandıqda, Vüsalə Tərlanı çox istədiyini, ona xəyanət etmədiyini, telefonla yazışdığı adamı çoxdan tanıdığını və daha yazışmayacağını bildirib.

O söyləyib ki, Vüsalə həmin adama mobil telefonda təxminən “Tərlandan ayrılım, Türkiyəyə gedərik” tipli bir mesaj yazmışdır. Tərlan Vüsaləyə bağlandığı üçün qadının xoş sözlərindən sonra barışıb və münasibətləri normal davam etməyə başlayıb.  Təxminən 6 ay öncə o, Vüsalənin mobil telefonunda yenə başqa bir kişi ilə yazışdığını görüb. Həmin vaxt Vüsalə yenə Tərlana səhv etdiyini bildirib və onu bağışlamasını xahiş edib. O, yenə Vüsaləyə bağlandığı üçün onunla barışıb.

Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib ki, birlikdə olduqları müddətdə Vüsalə ondan heç bir şey istəməyib, əziyyəti də özü çəkib. Ancaq Tərlan özü də laqeyid yanaşmayıb, gücü çatanı edib. Lakin hadisədən təxminən 1 ay əvvəl Vüsalə Bakıxanov qəsəbəsində yerləşən “Krevetka” adlı restoranda işləməyə başlayıb. Vüsalə orada işləməyə başladıqdan sonra evə gəlib, Tərlana qız dostlarının sevgilililərinin onlara “İphone” markalı telefon, avtomobil aldıqlarını və həmin şeyləri istədiklərini söyləyib. O isə Vüsaləyə taksi sürücüsü olduğunu, ona avtomobil, telefon almağa maddi imkanının olmadığını bildirib.

Bundan sonra Vüsalə evdə onunla danışmayıb, ona qarşı pis münasibət göstərib. O, Vüsalədən pis münasibətinin səbəbini soruşsa da, qadın ona cavab verməyib, Tərlanla danışmaq istəmədiyini deyib. O, Vüsaləni çox qısqanmış və məhz buna görə ondan ayrılıb evdən çıxıb arvadı ilə yaşadığı evə gedib. Son bir ayı artıq Vüsalə ilə yaşamayıb.

O bildirib ki, 14 oktyabr 2022-ci ildə, təxminən saat 02 radələrində yaşadığı evdən çıxıb Vüsalənin işlədiyi “Krevetka” restoranına qədər piyada gəzə-gəzə gedib. Saat təxminən 03 radələrində həmin restoranının qarşısına çatıb və elə həmin vaxt Vüsalənin restorandan çıxdığını görüb. Vüsalə onu görüb əvvəlcə qorxub, çox pis tonda ondan niyə gəldiyini, nə istədiyini soruşub. Tərlan Vüsaləyə əvvəlcə yalandan ölkədən çıxıb getmək istədiyini bildirib, sonuncu dəfə qadını görmək üçün gəldiyini deyib.

Sonra isə onunla danışmaq, bir kənara çəkilib bir-iki dəqiqə söhbət etmək, belə etməsinin səbəblərini aydınlaşdırmaq istədiyini qeyd edib. Vüsalə ilə bu barədə danışarkən qadının mobil telefonuna zəng gəlib. Onun telefonu “titrəşim” rejimində olduğundan Vüsaləyə zəng gəldiyini bilib. 

Son zamanlar Vüsalənin başqa mobil nömrəsinin olmasından şübhələnib. Zəng edənin kimliyi ilə maraqlandıqda Vüsalə ona “Cəhənnəm ol, çıx get, nə istəyirsən məndən?” deyən zaman o, çox əsəbləşib. Tərlan sol əli ilə Vüsaləyə bədəninin üst nahiyəsindən yumruqla vurub. Yumruqdan sonra qadın arxası üstə yerə yıxılıb. Bu zaman Vüsalənin mobil telefonu cibindən yerə, onun önünə düşüb. Tərlan mobil telefonu götürüb zəngə cavab verdikdə, bir nəfər adını bilmədiyi kişi cinsli şəxs ondan onun kim olduğunu, Vüsalənin harada olduğunu soruşub. Tərlan zəng edən şəxsə Vüsaləni vurduğunu deyib. Bundan sonra o, Vüsalədən həmin adamın kim olduğunu soruşub və qadın ona yalandan həmin şəxsin iş yoldaşı olduğunu söyləyib. Tərlan Vüsaləyə gecənin bu saatında və işdən yeni çıxmasına baxmayaraq, iş yoldaşının ona nə üçün zəng etdiyini soruşub. Daha sonra Tərlan bir dəqiqəlik əsəbinə hakim ola bilməyib və daha da əsəbləşib cibindən qara rəngli “kəpənək” deyilən bıçağı çıxararaq Vüsalənin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlayıb.

Tərlan Vüsalənin bədəninin hansı hissəsinə vurduğunu dəqiq bilmədiyini deyib. O, bıçaq zərbələri vuran zaman Vüsalə birinci zərbədə müqavimət göstərsə də, sonra heç bir müqavimət göstərməyib. Tərlan bıçaq zərbəsi endirdikcə Vüsalə “ay mama” deyib qışqırıb. Xatırladığına görə, onun bıçaq zərbələrinin təsirindən artıq Vüsalənin müqaviməti qırılıb və arxası üstə çevrildikdə o, qadının bel hissəsindən də bıçaqla vurub.

Daha sonra o, ətrafdan qışqırıq səsləri eşidib və Vüsalənin səsinə insanların yaxınlaşacağından qorxduğu üçün bıçaq əlində hadisə yerindən qaçaraq uzaqlaşıb. Həyəcanlı olduğundan Vüsalənin mobil telefonunu da uzaqlaşan anda onun əlində olub. Amma onun qadının mobil telefonunu talamaq kimi bir niyyəti olmayıb. Təxminən 400-500 metr sonra Tərlan istifadə etdiyi bıçağı küçəyə atıb. Sonda küçədə olan zaman polis avtomobilinin işıqlarını görüb, təslim olmağa qərar verib. O, polis avtomobilinə yaxınlaşıb təslim olub və Vüsalənin mobil telefonunu polislərə təqdim edib. Hətta cinayəti törətdiyi bıçağın yerini göstərib.

Məhkəmənin hökmü ilə Tərlan Qafarov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən il oktyabrında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1984-cü il təvəllüdlü Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

 

Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Pravda.az

17:59 - 12 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin