Vətəndaşın 200 minini qaytarmadığı deyilən sabiq deputat DANIŞDI

 Vətəndaşın 200 minini qaytarmadığı deyilən sabiq deputat DANIŞDI

“Kəpəz-M” MTK-nın sahibi, sabiq deputat Mahir Aslanov Xırdalan sakini Hüseynağa Heydərovun 200 min manata yaxın pulunu qaytarmaması barədə iddiaya münasibət bildirib.

Asayis.Az xəbər verir ki, M.Aslanov açıqlamasında deyib ki, H.Heydərovun işi ilə bağlı məhkəmə davam edir.

Sabiq deputat bildirib ki, Hüseynağa Heydərov mənzili mühafizəçidən alıb: “Mühafizəçi onları aldadıb. Hazırda həbsdədir, 8 il 6 ay cəza verilib. Mühafizəçi fırıldaqçı imiş, sonradan bilmişəm. Gəlirlər, insan sifətində, daxilləri necədir, bilmək olmur... Fırıldaqçılıq edib, biz də xəbər tutan kimi müraciət etmişik. Araşdırıblar, həbsə atıblar. Sənədlər ekspertizaya göndərilib, saxta olduğu hamısı təsdiqlənib. İş Apellyasiya Məhkəməsindədir. Bu işdə mənim adım yoxdur. Amma məsələdən xəbərim var. Mən Hüseynağa Heydərova heç bir köməklik edə bilmərəm. Məsələ burasındadır ki, Heydərovdan əvvəl həmin mənzillər qanuni şəkildə satılıb. Mühafizəçi satılmış evləri ona yenidən qeyri-qanuni şəkildə satıb. Bu adamdan soruşun ki, sən pulu hara vermisən? Demişəm ki, pulu kimə vermisən, ondan al. Məgər yalan demişəm? Siz mənim yerimdə olsanız, nə deyərdiniz? Dediklərinə görə, bunlar pulu karta köçürüblər. Ev alanda pulu karta köçürürlər? Yəqin ki, mühafizəçi qiyməti bir az ucuz deyib. Ataların misalı var: “tamahkarı yalançı aldadar”. Mən demişəm ki, məhkəmənin nəticəsini gözləyək, görək nə olur. Nə oyun çıxarıblar, vallah, mən bilmirəm. Evin təmiri başlayandan beş-on gün sonra səs-küy düşüb. Evi satdığımız adam gəlib görüb ki, evdə təmir gedir. Məsələnin üstü belə açılıb. Belə məsələləri həll edən orqan məhkəmə deyil? Gözləsin də. Vətəndaşa demək lazımdır ki, sənədi gətirsin, görək, orijinal möhür hansı qəbzə vurulub? Mühafizəçi gedib rəngli printer tapıb, köhnə kopyanı yenidən kopyalayıb, gətirib vətəndaşa verib. Hər şeyin qayda-qanunu var. Bu adam məndən niyə pul tələb etməlidir? Şirkətə gəlib, qayda-qanunla müqavilə bağlanıb? İmza çəkilib? İş Apellyasiyadadır, nəticənin nə olacağı hələ bilinmir. Evlər başqasına satılmamış olsaydı, yenə də göz yummaq olardı. Amma bu adamdan əvvəl başqası pul ödəyib...”

Pravda.az

15:54 - 12 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin