“Əminəm ki, cənab Prezident övladımı ermənilərin əlində qalmağa qoymayacaq” - Əsirlikdə olan Aqşin Bəbirovun anası:

 “Əminəm ki, cənab Prezident övladımı ermənilərin əlində qalmağa qoymayacaq” - Əsirlikdə olan Aqşin Bəbirovun anası:

“Oğlum Aqşin Bəbirov barədə ermənilərin verdikləri qondarma həbs qərarı ilə bağlı bir valideyn kimi çox narahatam, narazıyam. Mənim uşağım heç bir problemi olmadan 9 ay kişi kimi əsgərlik çəkib. Beynəlxalq Qırmızı Xaç Komitəsindən demişdilər ki, məsələ nəzarətə götürülüb. Bir dəfə oğlumdan məktub gəlib, o da öz əl xətti ilə yazılmayıb. Səhhəti barədə də heç bir məlumat ala bilmirəm. Deyirlər ki, nə vaxtsa qaytarılacaqlar, əminəm ki, cənab Prezidentimiz onları ermənilərin əlində qalmağa qoymayacaq. Oğlumun 19 yaşı tamam olmayıb, Hüseyn də 20 yaşın içindədir. Körpə uşaqlar günahsız yerə düşmən əlində ən ağır şəkildə döyülüblər. Biz anayıq, deyirik ki, görəsən, balamız yaşayırmı? Bizə deyirlər, oturun evdə, qaytarılacaqlar. Düşmən cinayət işi qaldırıb, oğluma şər atır. Bir gün videosunu çəkir ki, guya əyninə paltar geyindiriblər, çörək veriblər. Halbuki məlumatımıza görə, uşaq çəmənlikdə qalıb, çəndən-dumandan keçib. Balamı düşmən tərəfi sürüyüb aparıb, əyninin buşlatına kimi çıxarıb atıblar. Onu sürüdükləri yerdə də iz qalıbmış”.

Asayis.Az xəbər verir ki, bu sözləri müsahibəsində ermənilərin əsir götürdükləri əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

O xatırladıb ki, Aqşinlə sonuncu dəfə aprelin 5-i səhər 08:00-da danışıb: “Aprelin 7-də atasına zəng gəldi ki, uşaq iki gündür, yoxdur… Bir dəfə Ombudsmanla görüşmüşük. O dedi ki, çalışacağam Aqşingillə görüntülü əlaqə yaradım, amma alınmadı. Dedilər ki, ola bilsin, uşaq yaralıdır, danışmağa qoymurlar. Sonra dedilər ki, valideynlər məktub yazsınlar. Biz də Ombudsmana məktub yazdıq. Bizə hələ məktubun cavabı gəlməyib, amma Hüseynin anası Şəlalə xanıma cavab gəlib. Nə etməliyik, bilmirik. Ana kimi fəryad edirəm. Aqşin Azərbaycan əsgəridir, vətəndaşıdır. Onlar ana-bacını qorumaq üçün xidmətə gediblər. Mənim oğlum idmanla məşğuldur, ağıllı, namaz qılan uşaqdır. Hələ dilinə içki, siqaret dəyməyib. Sabunçuda Südçülük savxozunda yaşayırıq. Gəlin burda “Aqşin Bəbirov” deyin, görün necə hörmət qazanan oğul olub. Bir balam var, dilimin-dodağımın suyu qurub, danışa bilmirəm. Hər gün Hüseynin anası Şəlalə xanımla danışırıq. O da televizora baxanda bir az rahatlıq tapır ki, balalarımızın qaytarılması üçün kimlərsə çıxış edir. Əsirlikdən qaytarılan Amin Musayev bizə gəlmişdi. Amin kimi oğul mənim qapımı açır. Amma bələdiyyədən, Sabunçu rayonunu təmsil edən deputatlardan qapımı açan yoxdur, maraqlanmırlar. Mən heç bir məmura ümid etmirəm, təkcə ümid yerim cənab Prezidentdir. Ana kimi fəryad edirəm, cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirəm, balamı sağ-salamat erməninin əlindən alsınlar, biz anaları sevindirsinlər, Heydər Əliyevin 100 illiyi ərəfəsində bayram-bayrama qarışsın. Şad xəbər versinlər, bizi balamızla danışdırsınlar, heç olmasa səsini eşidək. Bütün dünya bilir ki, düşmən bizim balalarımıza şər atıb. Başa düşürük, həssas məqamdır, amma güclü qalmaq mümkün deyil. Balam 9 ay əsgərlik çəkib, 36 gündür, düşmən əlindədir, 10 ay 6 gündür, balamın üzünü görə bilmirəm. Kasıbçılıq ucbatından yanına gedə bilməmişəm. Bilirəm, İlham Əliyev də, Mehriban xanım da gözəl insandırlar, Azərbaycana layiqdirlər. Bilirəm ki, balamızı düşmən əlində qoymayacaqlar…”.

 

Pravda.az

14:44 - 10 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin