“Ağlı başında olan, savadlı, xalqın gələcəyini düşünən adam belə verilişlərə baxmır”

 “Ağlı başında olan, savadlı, xalqın gələcəyini düşünən adam belə verilişlərə baxmır”

“Efir hər kəsin evinə açılan bir qapıdır. Bu qapıdan bizi içəri buraxan adamlar inanırlar ki, biz onların əxlaqı, tərbiyəsi, uşaqlarının sabahı üçün yararlı iş ortaya qoyacağıq. Amma pul qazanmaq naminə biz oralara söyüş aparıb çıxarmışıqsa, vay bizim halımıza. Əlbəttə, çox pis haldır. Bunun qarşısı vaxtında alınmalıdır. Ciddi bir qərar qəbul edən kimi hər dəfə üstümüzə tökülürlər ki, biz guya söz azadlığını pozuruq. Amma bu, əslində söz azadlığı deyil. Təbii ki, belə verilişlər milli mentalitemizə uyğun gəlmir, biabırçılıqdır. Bu qadağalar təkcə Azərbaycanda deyil, hər yerdə var. Hər halda efir hamı üçündür. Bunun nə azərbaycanlısı, nə ingilisi, nə də rusu var. Hər şeyin yeri, pul qazanmağın da öz yolu var, axı bu cür olmaz. Hər şey həddinə qədər gözəldir.  Uzun illər televiziyada işləyən adamam. Düşünürəm ki, hər bir evin çağırılmamış qonağıyıq. Qonaq həddindən artıq özbaşınalıq etməməlidir. Qonağın da bir bəlli yeri var. Məni içəri buraxmısınızsa, məndən ədəb-ərkan gözləyirsiniz. Amma bunlar biabırçılıq edirlər, yalandan olmayan şeyləri danışırlar. “Təki mənim reytinqim yüksək olsun...” Azərbaycanda hələ ki reytinqi ölçən normal cihaz yoxdur”.

Asayis.Az xəbər verir ki, bu sözləri müsahibəsində Əməkdar mədəniyyət işçisi, Audiovizual Şuranın üzvü Telli Pənahqızı Azərbaycan televiziya kanallarında yayımlanan bəzi verilişlərdə etik qaydaların pozulması, söyüşlərin, təhqirlərin efirə buraxılması barədə narazılıqlara münasibət bildirərkən deyib.

 

T.Pənahqızı “Avroviziya”da Azərbaycanı təmsil edəcək Tural və Turan qardaşlarının geyiminin tənqid olunması, bu yarışmanı yayımlayan İctimai TV-nin məsələni diqqətdə saxlaması ilə bağlı tələblərə də fikir bildirib: “Yəqin ki, diqqətə almalıdırlar. Çünki geyim də bir mədəniyyətdir, xalqın mənəviyyatını əks etdirir. Ümumiyyətlə, "yenilik” adı ilə bu cür biabırçılıqlar etmək olmaz. Hər şeydən əvvəl düşünmək lazımdır ki, biz azərbaycanlıyıq. Azərbaycanlılar dünyaya, yeniliyə nə qədər inteqrasiya olunsalar da, hər halda bir əndazə gözlənilməlidir. Hər şeydən əvvəl biz insanıq, ailəyik, vətəndaşıq və bunun üçün, düşünürəm, hər kəs özü qadağa qoymalıdır, təkcə biz yox. Audiovizual Şura dedi, üç-beş gün qadağa qoydular. Bəs sonra? Onlar deyirlər ki, bizə hamı baxır. Xeyr, onlara heç kim baxmır. Reytinqə görə deyirlər ki, guya bizə baxan var. Kim baxır? Evdə oturan, işgüzar olmayan, yaşlı adamlar baxırlar, bu, onlar üçün məşğuliyyətdir. Amma normal, ağlı başında olan, savadlı, xalqın gələcəyini düşünən adam belə verilişlərə baxmır. Üzünü nifrətlə çevirib, efirdən uzaqlaşır. Bu da bütövlükdə televiziya məkanlarına inamı azaldır. Məsələn, bəziləri deyirlər ki, televizora baxmırıq. Deyirəm ki, niyə? Deyirlər ki, çünki normal verilişlər yoxdur. Sual verirəm ki, normal veriliş sən nəyə deyirsən? “Əyləncə “deyirsən, əyləncə var - Azərbaycan Televiziyasında işlədiyimə görə bunu deyirəm - “xəbər” deyirsən, var, “məsləhət” deyirsən, o da var. Niyə baxmırsan? Çünki bizdə bəzi adamlar var ki, yalnız və yalnız dedi-qodu yaymağı xoşlayırlar. Belə verilişlərə baxırlar ki, sabah danışmağa sözləri olsun, gedib haradasa boşuna dedi-qodu yaysınlar. Məgər televiziyalar bunlar üçün işləyir? Yox. Televiziya ilk növbədə normal auditoriya üçün işləməlidir. Onun-bunun sözü ilə efir yaratmaq olmaz”. 

 

Pravda.az

14:15 - 9 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin