“Odnoklassniki”də söyüş söyən şəxsi amansızlıqla bıçaqladı - CƏZA

 “Odnoklassniki”də söyüş söyən şəxsi amansızlıqla bıçaqladı - CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Samir Xəlilovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Asayis.Az-ın məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin höküm ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, 2020-ci ilin dekabr ayının sonlarında “Odnoklassniki” sosial şəbəkəsində virtual oyun oynayan zaman zərərçəkmiş Rahib Salamov təqsirləndirilən Samir Xəlilova nalayiq ifadələr işlədib. Bununla əlaqədar o, zərərçəkmiş şəxsdən intiqam almaq niyyəti ilə onu öldürmək qərarına gəlib və 29 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixə keçən gecə, saat 00:00 radələrində Rahiblə onun yaşadığı ünvanın qarşısında görüşüb. Bu zaman zərərçəkmiş şəxsin atası Rafik Salamov onların mübahisəsinə müdaxilə edib, oğlunun əvəzindən üzr istəyib. Lakin buna baxmayaraq Samir öz niyyətini maneəsiz həyata keçirmək üçün zərərçəkmiş şəxsi yaxınlıqda yerləşən Sumqayıt şəhəri, 41-ci məhəllə, 1A saylı binanın küncünə aparıb. O, mübahisələrini davam etdirdikləri zaman Rahibi yumruqla vurmağa başlayıb, daha sonra cibindən çıxardığı bıçaqla onun  qarın və sinə nahiyəsinə kəsilmiş-deşilmiş xəsarətləri yetirib.

Bunu görən, hadisə yerinə Samirlə ilə birlikdə gəlmiş dostu Əli dava-dalaşa son qoymaq məqsədilə onu tutub, kənara çəkib. Bundan istifadə edən zərərçəkmiş şəxs xilas olmaq üçün binanın arxasına tərəf qaçmağa başlayıb. Samir də öz növbəsində Rahibin arxası ilə qaçdığı zaman zərərçəkmiş şəxsin atası Rafik Salamov onlara yaxınlaşıb. O, atasının gözü qarşısında Rahibi öldürmək məqsədilə bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Daha sonra Samir Xəlilov hadisə yerindən qaçıb.

O, 06 yanvar 2021-ci il tarixdə Mehdiabad qəsəbəsində işə gedərkən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Samir Xəlilovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

Pravda.az

18:09 - 5 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin