"Büyük Fırat” restoranlar şəbəkəsinin mətbəxində ciddi monitorinqlər aparılsın - ÇAĞIRIŞ

"Azad İstehlakçılar Birliyi ictimai təşkilat olaraq, ictimai nəzarəti yerinə yetirə bilən qurum olmasına baxmayaraq, təəssüf ki, restoranlarda reydlər apara bilmir. Çünki buna kadr potensialımız yoxdur və bizdə hər bir iş təmənnasızdır. Biznes qurumlardan yararlanmaq bizim təşkilatda qəti qadağandır. Ona görə də, elə kadrlar yoxdur ki, restoranlarda könüllü olaraq reydlər aparsın, baxışlar keçirsin, fikirlər ümumiləşdirsin. Çox təəssüf ki, kadr potensialımız yox dərəcəsindədir".

Asayis.Az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

Bir sıra tanınmış restoranlar şəbəkəsi ilə bağlı müştəri şikayətlərinə də toxunan Eyyub Hüseynov bildirib:

"Sosial şəbəkələrdə mənim də rastıma çıxır, bəzi restoranlarda zəhərlənmə hallarına rast gəlinməkdədir. Xüsusən də, "Büyük Fırat Lahmacun”un çatdırılma məsələlərindən ciddi narazılıqlar var. Nə dərəcədə kuryerin gətirdiyi yeməklərə müdaxilə olunmur, yolda açılır ya yox və s. bu kimi məsələlərlə bağlı narazılıqlar edilməkdədir. Ancaq "Büyük Fırat Lahmacun”dan Azad İstehlakçılar Birliyinə konkret olaraq yazılı heç bir şikayət daxil olmayıb.

 

Düşünürəm ki, bu sahədə müəyyən tədqiqatlar aparılmalıdır. Xüsusən də, gərək "Büyük Fırat” restoranlar şəbəkəsinin mətbəxində ciddi monitorinqlər aparılsın. Çünki onun mətbəxi açıq mətbəx deyil və istehlakçı yeməklərin necə hazırlandığını bilmir. Çox böyük çatdırma şəbəkəsinə malik olan bu restoranların mətbəxində gərək ciddi araşdırma aparılması pis olmaz".

 

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Garden Hall”, “Nardança”, “Xan Bağı”, “Muğam Ocağı”, "Bulaq", “Həkəri” Sumqayıt şəhərində fəaliyyət göstərən “Love Palace”, “Ad günü”, “Mübariz”, “Romance”, “Buxara”, “Fayton”, “Pine Park”, Gəncə şəhərində fəaliyyət göstərən “Kübar”, “Dan ulduzu”, “Sübhan” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Monitorinq və nəzarət tədbirləri davam etdirilir.

16:39 - 2 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin