“Azəriqaz” İB-nin İdarə rəisi səhlənkarlıqda ittiham olunur - Qurumun adı məhkəmə çəkişməsində

 “Azəriqaz” İB-nin İdarə rəisi səhlənkarlıqda ittiham olunur - Qurumun adı məhkəmə çəkişməsində

Gəncə Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Asayis.Az-ın məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 16-na təyin edilib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Azər Xəlilova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, Azər Xəlilovun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

Hökmdən narazı qalan məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd: Hadisə 2021-ci ilin oktyabrın 2-də Gəncə şəhəri, Cavadxan qəsəbəsi adlanan ünvanda yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Bəbişov Elmir Azər oğlu vanna otağında olarkən qaz partlayıb. Ağır yanıq xəsarəti alan gənc dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

İş üzrə zərərçəkmiş qismində Elmir Bəbişov və onun atası Azər Bəbişov tanınır.

İttihamda qeyd olunub ki, partlayış nəticəsində Azər Bəbişova ümumilikdə 18 125 manat məbləğində əhəmiyyətli zərər dəyib.

Hadisədən sonra “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli srülüb.

Qeyd: Azər Xəlilov 2015-ci ildən 11 oktyabr 2021-ci il tarixədək “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışıb.

 

 

Pravda.az

10:11 - 2 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin