Nəcməddin Sadıkovun oğlunun biznes ortağına cəza istənildi

 Nəcməddin Sadıkovun oğlunun biznes ortağına cəza istənildi

“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova hədə-qorxu gəlib, onun yarım milyon manatını almaqda ittiham olunan Kamal Akimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Asayis.Az xəbər verir ki, Bakı Ağır Cnayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror Kamal Akimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Kamal Akimov Azər Əsgərovun özünü və ailə üzvlərini öldürməklə hədələyib, ondan 500 min manat pul alıb.

Təqsirləndirilən şəxs ittihamı əsassız sayır. Onun Səbail rayonu, Ziya Yusifzadə küçəsi, 8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən 146 kvadrat metrlik qeyri-yaşayış sahəsini söküblər. Sonradan razılaşdıqları kimi ona 500 min manat veriblər.

Kamal Akimov bildirib ki, 10 il öncə “Azimport” şirkəti onun sənədli əmlakını söküb, kompensasiya ödəməyib. İllərlə məhkəmələrə, müxtəlif dövlət orqanlarına şikayət edib.

Son nəticədə 2016-cı ildə Azər Əsgərovla 800 min manata razılaşıblar. Bunun da 500 min manatını ödəyib, qalan 300 min manatını isə verməyib. Qalan məbləği ondan dəfələrlə tələb etsə də, Azər Əsgərov onu ödəməkdən imtina edib. 

Sonda isə ondan hüquq-mühafizə orqanlarına şikayət edib, indiyədək alınmış 500 minin özü və ailəsi hədələndiyinə görə verildiyini göstərib.

Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.

Qeyd edək ki, müxtəlif vaxtlarda mediada Kamal Akimovun Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olması barədə məlumatlar yayılıb.
 


Demokrat.az

14:47 - 28 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin