Bakının Sabunçu rayonunda 23 yaşlı kişi sevgilisinə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Sabunçu qəsəbəsi, Sabunçu Vağzalı adlanan yerdə baş verib.
Füzuli rayon sakini, 2000-ci il təvəllüdlü Telman həmin yerdə əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Ləman (adlar şərti verilib – red.) ilə mübahisə edib. Mübahisə zamanı Ləmanı döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İş üzrə izahat verən Telman bildirib ki, 2 ilə yaxın müddətdə Ləman ilə arasında qeyri-rəsmi münasibətləri olub, bir evdə yaşayıblar:
“Sonradan aramızda münaqişələr yarandığından ayrılmaq istədim. Ləman isə ayrıldıqdan sonra məni rahat buraxmadı. Anama, özümə yığaraq məni narahat etdi. Ləman “tik tok” sosial şəbəkəsi vasitəsilə canlı yayım açaraq məni təhqir etməyə başladı. Mən də Ləmana zəng vuraraq məsələni aydınlaşdırmaq istədim. Onu Sabunçu Vağzalı adlanan yerə dəvət etdim. Orada aramızda olan mübahisə zamanı Ləman məni vurmaq istəyərkən onu itələdim. Ləmana heç bir xəsarət yetirməmişəm”.
Telman qeyd edib ki, bundan başqa əsəbləşərək Ləmanın avtomobilinə təpiklə vurub.
Zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, hadisə günü Telman onu Sabunçu vağzalı adlanan yerə çağırıb və “tik tok” sosial şəbəkəsində nə üçün onu təhqir etdiyini soruşub: “Orada aramızda münaqişə yarandı. Münaqişə zamanı Telman məni döydü”.
Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Telmannın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.
İşə Sabunçu rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Telman 500 manat miqdarında cərimə olunub.
Demokrat.Az