Azərbaycanda qadın ərinin ikinci arvadını bıçaqladı

 Azərbaycanda qadın ərinin ikinci arvadını bıçaqladı

Astara Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurma Gülarə Qarayeva (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Asayis.Az-ın məlumatına görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla təqsirləndirilən şəxs 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, Gülarə Qarayeva cəzasını əsas iş yerində çəksin.

İttihama görə, hadisə Astara rayonu Deqədi kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Gülarə Qarayeva ilə həmin kənddə birlikdə yaşadıqları evdə ərinin ikinci arvadı, zərərçəkmiş Sənəm Quliyeva (şərti) aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin sağ bud nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə o, Sənəm Quliyevaya qəsdən sağlamlığına yüngül zərər yetirib.

Məhkəmə istintaqında Gülarə Qarayeva ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvüləri ilə birlikdə Astara rayonunun Deqədi kəndində yaşayır. Zərərçəkmiş Sənəm Quliyeva onun əri Qabil Quliyevin (şərti) ikinci arvadıdır. Bir neçə ildir ki, zərərçəkmiş şəxs onlarla yaşadığı üçün aralarında mübahisələr baş verib.

Təqsirləndirilən şəxs söyləyib ki, hadisə günü yaşadığı evdə olan zaman Sənəm Quliyeva yenidən ona söz ataraq sataşıb, onun evdən çıxıb getməsini tələb edib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı əsəbləşdiyindən və zərərçəkmiş şəxsin hərəkətlərindən bezdiyindən mətbəx bıçağını götürüb, onun arxa bud nahiyəsinə vurub. Qorxduğuna görə həmin mətbəx bıçağını həyətə tullayıb. Lakin bıçağı hara tullamasını dəqiq bilmir.

Sonda məhkəmədən vəziyyətinin nəzərə alınmasını xahiş edib.

 

Pravda.az

16:43 - 26 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin