“Nazirlərimiz sadə hərəkətləri ilə deyil, tapşırılmış işləri görməklə məşhurlaşsınlar...”

 “Nazirlərimiz sadə hərəkətləri ilə deyil, tapşırılmış işləri görməklə məşhurlaşsınlar...”

“Azərbaycandakı məmurlar iki yerə ayrılır: bəzilərinin müəyyən qədər intellekti var, dünyanın qabaqcıl ölkələrində olublar, başqa ölkələrdə nə baş verdiyini bilirlər; bəzilərinin isə ümumən savadları da heç arzuolunan səviyyədə deyil və özləri barədə yüksək müştəbehlikləri var. Özündən müştəbeh olanlar əvvəl daha çox idi, indi azalıb. Onlarda həmişə özünü nümayiş etdirmək halları çox olub. Əhalidə də belə bir fikir yaranıb ki, bizim məmurlar hamısı “göylə gedən”dir. Streotip də yaranıb ki, məmur elə bu cür olar. Amma intellektli, başqa ölkələrə gediş-gəlişi çox olanlar başa düşürlər ki, bu, gülüncdür. Buna görə bir çox hallarda özləri də sadə davranırlar. Bu, reklam üçün də ola bilər, dəqiq deyə bilmərəm. Mən də bir vaxtlar yüksək vəzifədə işləyirdim, Milli Məclisdə yüksək statusum var idi. Elmi-Tədqiqat İnstitutunun rəhbəri, idarə rəisi statusunda idim. Tez-tez şəhərə düşüb gəzirdim. Hələ 1990-1995-ci illərdə… Çünki mən də dünya ölkələri təcrübəsini gözəl bilirdim. Bir də görürdün ki, küçədə məni saxlayıb deyirdilər “Əhməd müəllim, sizi işdən çıxarıblar, küçədə nə edirsiniz?” Deyirdim ki, küçədə gəzəndə nə olur ki? Metroda görəndə də eyni reaksiyanı verirdilər. Burada qeyri-adi, təəccüblü nəsə yoxdur axı. Mən tək deyildim, həmin vaxtlar kifayət qədər sadə məmurlar tanıyırdım. İndi də belə məmurlar var. Allaha şükür, get-gedə çoxalır...”

Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

“Fizikada birləşmiş qablar qanunu var, davranış tərzi, insanlar arasında münasibətlər də get-gedə tarazlaşır, başqa ölkələrdəki təcrübə bizə də keçir. İstərdim ki, nazirlərimiz hərəkətləri ilə deyil, tapşırılmış, onlara aid olan işləri daha uğurla, ölkənin, xalqın mənafeyi naminə görməklə məşhurlaşsınlar. Yoxsa istənilən bir məmur da bunu edə bilər. Bir vaxtlar Azərbaycan Kommunist Partiyasının birinci katibi var idi. O da çox sadə adam idi, amma nə olsun? İşinin öhdəsindən gələ bilmədi, 20 Yanvar hadisələri yetişdi. Sadəlik hələ öz vəzifəsinə layiq olmaq demək deyil. İstərdim ki, məmurlarımız ilk növbədə öz sahələrində xalqımızın tərəqqisinə, əhalinin mənafeyinə uyğun hərəkət etsinlər”, - Ə.Qəşəmoğlu bildirib.

Pravda.az

14:48 - 18 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin