Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Murad ailə münaqişəsi zəminində həyat yoldaşı Mətanətə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində baş verib.
Murad yaşadığı bağ evinin zal otağında onunla eyni ünvanda yaşayan arvadı Mətanət ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Murad aralarında baş vermiş mübahisə zamanı Mətanətin sol gözündən yumruqla vuraraq ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, onun 6 oğlan övladı var:
“Böyük oğlumun 26, kiçik oğlumun isə 6 yaşı var. Mən ara-sıra spirtli içki qəbul edir, özüm günəmuzd fəhlə işləyirəm. Hadisə günü, saat 15 radələrində Corat qəsəbəsində olan tanımadığım kafedə təxminən 350 qram araq içdim. Sonra evə gəldim. Saat 18 radələrində evdə uzanan zaman 2-ci oğlum evə gələrək qışqırdı, yüksək səslə anasının adını çağırdı. Mən uşağının səsinə ayıldım. Bir qədər sonra arvadım gəldi. Arvadımdan harada olduğunu soruşdum. Arvadım da qonşuda olduğunu dedi. Uşağın səsi məni əsəbləşdirdi. Bu səbəbdən arvadıma hirsləndim. Aramızda mübahisə düşdü. Mübahisə zamanı evdə zal otağında yumruqla arvadımın başına və sifətinə vuraraq onu döydüm. Mətanət evdən çıxaraq qaçdı. Mən təkrar yatdım. Sonra polis əməkdaşları evə gəldi və məni bölməyə dəvət etdilər”.
Təqsirləndirilən şəxs deyib ki, bölmədə ucadan söyüş və nalayiq ifadələr işlədib.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Muradın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az