"Fərid Qayıbovun davranışı normal davranışdır" - Qulu Məhərrəmli

Gənclər və idman naziri Fərid Qayıbovun hava limanında digər sərnişinlər kimi pasport qeydiyyatından keçmək üçün növbəyə dayanması barədə görüntülərinin gündəmə düşməsi müzakirə yaradıb. Bildirilib ki, Avropada bu, adi haldır, Azərbaycanda isə hər hansı məmurun belə hərəkəti hələ də təəccüb doğurur, bəzən bu kimi halların tirajlanmasından reklam məqsədilə istifadə edirlər…

 

Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli də açıqlamasında deyib ki, məsələnin bu şəkildə böyüməsi cəmiyyətdə vəzifəli adamlar barədə daşlaşmış təsəvvürlərlə bağlıdır.

O bildirib ki, Azərbaycanda kiminsə vəzifəsi, imkanları varsa, bu adam sanki toplumdan, insanlardan kənar yaşayır, insanlarla ünsiyyətə girmir: "Məsələn, Böyük Britaniyanın Baş naziri səhərlər qaçış edirsə, adamlarla küçədə salamlaşırsa, bu, çox adi bir şeydir. Niyə? Çünki orada vəzifə, sadəcə, məsuliyyət məsələsidir. Azərbaycanda isə bunu edəndə qeyri-adi hal kimi, cəmiyyətin ölçüləri baxımından normadan kənar kimi görünür. Buna görə də gənclər və idman nazirinin hava limanında növbə tutması sadə davanış kimi görünür, camaat da bunu piar kimi qəbul edir. Əslində Fərid Qayıbovun davranışı normal davranışdır, amma Azərbaycan cəmiyyətinin ölçüləri baxımından qeyri-adi görünür. Çünki biz alışmışıq ki, vəzifəli şəxs xüsusi avtomobildə gəlir, onu xüsusi adamlar müşayiət edir, o, mütləq VİP salondan keçir, növbədə dayanan adamlara dönüb təkəbbürlə baxır və s. Amma indiki halda Fərid Qayıbovun davranışı bir mesaj kimi qəbul olunur, yəni vəzifəli adamların növbəyə duran adamlardan, ümumi kütlədən xüsusi bir fərqi yoxdur. Vəzifəsi varsa, bu vəzifə yalnız onun yerinə yetirdiyi işinə və bu işin doğurduğu məsuliyyətə bağlıdır. Hesab edirəm, bizdə də vəzifəli adamlar növbəyə dayansalar, sadə davranışları ilə yeni tərz formalaşdıra bilərlər, həm də buradakı qeyri-adiliyi minimuma endirərlər. Vəzifəli adamlar camaatın içində olanda, növbədə dayananda, əvvəla, prosesləri görə bilir, camaatın yaşadığı ümumi problemləri yaşayırlar. Amma vəzifəli şəxs belə mühitdən uzaqdadırsa, təbii ki, bütün bunları görə bilmir. Yəni bu cür halların müsbət tərəfi də var. Çox arzulayardıq ki, digər vəzifə sahibləri də bu cür sadə davransınlar. Əlbəttə, qəbul edirəm — bu, təkcə gənclər və idman nazirinə aid deyil, ümumi deyirəm — burada piar elementi də ola bilər, çünki vəzifə adamları cəmiyyətdən o dərəcədə ayrı düşüblər ki, onların bu cür sadə davranışları bəzən reklam kimi görünə bilir və belə təsəvvür yaradır. Əslində isə çox normal davranış modeli var ki, bu da sadəlik, səmimiyyətdir. Məncə, istər nazir olsun, istər müavin, ya qeyrisi olsun, onlar anlamalıdırlar ki, cəmiyyətin içində olmaq onların icra etdikləri işin effetkivliyi baxımından daha məqsədəuyğundur. Bu cür davranış, göründüyü kimi, cəmiyyətdə çox böyük rəğbətlə qarşılanır. Yəni sadə, səmimi, anlaşıqlı olanda hamı problemləri öz üzərində görür və bu problemlərin hökumət adamları tərəfindən normal qavranıldığının şahidi olur».

Pravda.az

09:55 - 18 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin