“Yoldaşımla axırıncı dəfə mart ayının 21-də danışmışam”.
BAKU.WS xəbər verir ki, bunu oxu.az-a Azərbaycan bayrağına görə İranda saxlanılan Vüsal Quliyevin həyat yoldaşı Sunay Quliyeva bildirib.
S.Quliyeva qeyd edib ki, yoldaşı dostu Rövşən Seyidlə Təbriz şəhərinə həkimə gedib:
“Mart ayının 21-də Vüsal dedi ki, dostu İrana həkimə gedir, o da onunla gedib qayıdacaq. Elə həmin gün axşam zəng elədi ki, bəs bizi Azərbaycan bayrağına görə saxlayıblar – Vüsalı, Rövşən Seyidi, bir də bunları aparan taksi sürücüsünü. Amma bildirdi ki, narahat olmayın, ciddi bir şey yoxdur”.
Qadın deyir ki, bundan sonra yoldaşından xəbər tuta bilməyib:
“İranda tanışlarımız vardı, onlar öyrəniblər ki, hər üçünü tutublar. Sonra bizə taksi sürücüsü zəng vurdu ki, məni buraxıblar. Sürücü İran vətəndaşı olub. Vüsalgili isə İran Təhlükəsiz Xidmətinin zirzəmisində saxlayırlar. Bu gün getdiklərinin 24-cü günüdür”.
Qeyd edək ki, mart ayının 21-də Təbriz şəhərinə həkim müayinəsinə gedən Naxçıvan MR-in sakinləri Quliyev Vüsal və Rövşən Seyid İran İslam Respublikası ərazisində saxlanılıblar. Onların maşınlarında Azərbaycan bayrağı olduğu üçün saxlanıldıqları bildirilir.
V.Quliyev Türkiyədən müxtəlif mallar gətirərək xırda ticarətlə məşğul olurmuş.