Bakıdakı qalmaqallı yol qəzası barədə: “İş sifarişlidir...” - Polis pul alıb?

 Bakıdakı qalmaqallı yol qəzası barədə: “İş sifarişlidir...” - Polis pul alıb?

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Bakının “Babək” prospektində yol qəzası törədən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Araz Ağalarov hadisədən sonra ona açılmış cinayət işinin maddəsindən narazıdır.

“Qafqazinfo”ya müraciət edən A.Ağalarov bildirib ki, törədilən yol-nəqliyyat hadisəsinə görə Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma) maddəsi ilə iş başlanılmalı olsa da, ona 186-cı (Əmlakı qəsdən məhvetmə) maddə ilə cinayət işi açılıb.

O, hadisə ilə bağlı ekspertiza rəyinin saxtalaşdırıldığını da iddia edir: 

“17 dekabr 2022-ci il tarixdə “Babək” prospektində idarə etdiyim “Mercedes” markalı avtomobillə ehtiyatsızlıqdan Dilsuz Məmmədova məxsus “Porsche Cayenne” markalı avtomobili vurdum. Etiraf edirəm ki, hadisə mənim günahım ucbatından baş verib. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma başladı. Qarşı tərəf iddia edir ki, guya onun maşınının arxası ilə sürüb qəsdən avtomobilini vurmuşam. Halbuki həmin zaman başqa yolla getmək imkanım yox idi. Üstəlik, maşına dəymiş ziyanla bağlı ekspert tərəfindən fantastik qiymət qoyulub. Maşının arxa hissəsi əzilib. Görüntülərdən də məlum olur ki, “Porsche Cayenne”ə maksimum 30 min manat ziyan dəyib. Lakin ekspertə 220 min manat ziyan yazdırıblar. Mənə də açıq şəkildə deyirlər ki, yeni avtomobil almasan, səni həbsə göndərəcəyəm”.

Fotoda: D.Məmmədova məxsus "Porsche" markalı avtomobil


Şikayətçinin sözlərinə görə, avtomobilini vurduğu şəxs tanınmış iş adamıdır və əlaqələrindən istifadə edərək onun barəsindəki işin birtərəfli aparılmasına çalışır: 

“Maşınını vurduğum Dilsuz Məmmədovun Bakıda “Günəş” hamamı, “Labirint” klub-restoranı və s. obyektləri var. Ora varlı, vəzifəli şəxslər gəlir. Dilsuz Məmmədov da əlaqələrindən istifadə edib məni həbs etdirmək istəyir. Həmçinin barəmdəki işi yol-nəqliyyat hadisəsi kimi deyil, əmlakı qəsdən məhvetmə kimi qələmə verir. Mən ehtiyatsızlıqdan qarşı tərəfə zərər vurmuşam. Baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə Nizami Rayon Polis İdarəsində izahatım alınıb. Hadisəni qəsdən törətməmişəm, hər şey ani ehtiyatsızlıq nəticəsində baş verib. Maşının Dilsuz Məmmədova aid olduğunu çox sonra öyrənmişəm. Dostumla birgə evə gedərkən anidən qəza oldu, əyləci sıxsam da, işləmədi və avtomobilim onun avtomobilinə çırpıldı. Hadisə nəticəsində əslində mən özüm ağır xəsarət alsam da, ekspert rəyi saxtalaşdırılaraq guya mənim yüngül, qarşı tərəfin isə ağır xəsarət alması qeyd edilib. Bütün sübutlar açıq-aşkar göstərir ki, hadisə ehtiyatsızlıqdan baş verib. Lakin indi Dilsuz Məmmədov məni həbslə hədələyərək ona yeni avtomobil almalı olduğumu deyir”.

Fotoda: Şikayətçi A.Ağalarova məxsus "Mercedes GL 500" markalı avtomobil


A.Ağalarov bildirib ki, iş əvvəlcə Nizami Rayon Polis İdarəsində araşdırılsa da, sonradan Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. 

O, baş vermiş hadisəyə obyektiv hüquqi qiymətin veriməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini də əlavə edib: 

“Düşünürəm ki, işin Bakı Baş Polis İdarəsi tərəfindən araşdırılması birbaşa olaraq hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələnəcək. Bu isə barəmdə qanunsuz və ədalətsiz qərarın qəbul edilməsinə şərait yaradacaq. Bu qəbildən olan işlərdə ekspert rəyi mühüm əhəmiyyətə malikdir. Ekspert rəyinin qanunsuz olmağı işin obyektiv, tam, hərtərəfli araşdıılmasına maneə törətməklə yanaşı, gələcəkdə məhkəmə müstəvisində də qanunsuz hökmün çıxarılmasına şərait yaradacaq”.

Araz Ağalarova vəkillik edən məşhur polis rəisi olmuş Nizami Qocayevin oğlu Ramin Qocayev Demokrat.az-a açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxsə qarşı sifarişli iş açılıb:



“Mən ilk gündən bu işə qoşulmuşam və inanmadığım müştəriyə heç zaman xidmət göstərmirəm, onu müdafiə etmirəm. Bu hadisədə çox absurd məqamlar mövcuddur. Təsəvvür edin ki, qəza Nizami rayonu ərazisində baş verib və Nizami Rayon Prokurorluğu işi araşdıraraq, Araz Ağalarovun tutulmaması barədə qərar qəbul edib. Lakin sonradan işin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib ki, Araz Ağalarovu orada həbs etsinlər. Orada təqribən 3 ay istintaq gedib. Bu üç ay ərzində Bakı Şəhər Baş Polis İdarəsi bir dəfə də olsun bizi çağırıb dinləməyib, vəsadətlərimizə cavab verməyib. Araz Ağalarova qarşı oyun qururar ki, 200 minlik yeni avtomobil alıb versin. Köhnə avtomobildir, heç ümumi qiyməti bu qədər yoxdur, maşına 30 min dəyərində zərər vurulması barədə ekspertiza rəyi də çıxarılıb. Biz bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə vəsadət göndərmişik. 

Digər tərəfdən isə Araz Ağalarov hadisəni necə qəsdən törədib ki, özü də ağır xəsarət alıb? Ayağı sınıb, öz maşınına da ciddi ziyan dəyib. Üstəlik də Araz Ağalarov dəli idi, digər maşına gedib öz tərəfindən vursun? Özü daha ağır xəsarət alıb. Hadisə şahidləri də deyir ki, Araz Ağalarov həmin an telefonla danışırmış, fikirli olub, qəfil vurub. Araz Ağalarov da məsuliyyətdən yayınmır, günahını boynuna alır və zərəri ödəməyə hazırdır. Amma qarşı tərəf deyir ki, 200 minlik yeni maşın al. Axı qarşı tərəfin maşını yeni olmayıb, bu necə ola bilər? Ümumiyyətlə, qarşı tərəf əvvəlcədən də Araz Ağalarova qarşı qərəzli yanaşıb. Qarşı tərəfin yaxşı imkanı var, Nizami Rayon Polis İdarəsində istəyinə nail ola bilmədiyi üçün görünür ki, indi Bakı Şəhər Baş Polis İdarəsində olan tanışları vasitəsilə nəsə etmək istəyir”. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, aparılan araşdırmalar ekspertiza rəyinə əsaslanır: 

“Araşdırmalarla müəyyən edilib ki, 17.12.2022-ci il tarixində A.Ağalarov idarə etdiyi “Mercedes” markalı maşınla aralarında pul borcu üstündə yaranan mübahisə zəminində Dilsuz Məmmədovun Nizami rayonu, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanan “Porsche” markalı avtomobilinin arxa hissəsindən qərəzli olaraq çırpıb, əmlakı qəsdən zədələməklə zərərçəkən şəxsə külli miqdarda ziyan vurub.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 186.2.1 (özgənin əmlakını qəsdən zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədikdə) maddəsi ilə cinayət işi başlanılıb hazırda ibtidai istintaq davam etdirilir”.

14:55 - 12 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin