Taksi sürücüsü ilə müştəri arasında DAVA

 Taksi sürücüsü ilə müştəri arasında DAVA

Şirvan şəhərində 1989-cu il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində tanışı Ramilə xəsarət yetirib. 
Asayis.Az xəbər verir ki, hadisə 18 oktyabr 2022-ci ildə şəhərin Xaqani küçəsində baş verib. 

Vüsal Ramil ilə pul üstündə mübahisə edib. Bu zaman Vüsal Ramilin sifətinə başı ilə zərbə vuraraq ona xəsarətlər yetirib. 
İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, oktyabrın 18-də, saat 18 radələrində Şirvan şəhər Mərkəzi Xəstəxanasının qarşısında sonradan adını bildiyi taksi fəaliyyəti ilə məşğul olan Ramil adlı şəxsin avtomobilinə yaxınlaşaraq onu “Elvin” şadlıq evinə aparmasını xahiş edib: “Ramil də məni şadlıq sarayına apardı. Orada tanışımdan 100 manat borc aldımvə yenidən Ramilin avtomobilinə əyləşdim. Ramildən məni “Üçbarmaq” adlanan yerə, yəni, Xaqani küçəsinə aparmasını xahiş etdim. Ramil məni Xaqani küçəsinə gətirdi. Avtomobildən düşərkən borc aldığım həmin 100 manatı Ramilə uzatdım ki, gediş haqqını həmin puldan çıxsın. Ramil pulu xırdalaya bilməyəcəyini dedi. Həmin vaxt yaxınlıqda kimsə olmadığı üçün 100 manatlığı xırdalamağa adam tapa bilmədim. Ramilə öz mobil nömrəmi verdim. Məni həmin yerdə gözləməsini, yaşadığım evin yaxınlıqda olduğunu və evdən xırda pul götürərək onun pulunu verə biləcəyimi dedim. Ramil mənimlə razı olmadı. Dedi ki, pulu ver, gedim “Dəniz” marketdə xırdalayıb, sənin də pulunu gətirim. Məni Ramili tanımadığım üçün etibar etmədim və evim yaxın olduğu üçün evdən pul gətirərək ona vermək istədiyimi bir daha bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Ramil ünvanına nalayiq sözlər işlədərək ələ saldığını deyib və avtomobildən düşərək onu vurmaq üçün üstünə gəlib: 

“Mən müdafiə olunmaq üçün onun sifətinə başım ilə bir dəfə zərbə vurdum. Bundan sonra Ramil gedərək avtomobilinə əyləşdi. Mən də öz yoluma davam edərək evə getdim”. 

Bu cinayət işinə Şirvan şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad olunub. 


Demokrat.az

12:56 - 7 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin