Taksilərdə qiymətlərlə bağlı VACİB AÇIQLAMA

 Taksilərdə qiymətlərlə bağlı VACİB AÇIQLAMA

"Taksilərdə keyfiyyət qismən normaldır. Daha çox qeyri-normaldır. Taksilərdə xidmətin keyfiyyəti qənaətbəxş deyil".

Asayis.az xəbər verir ki,bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.

Onun sözlərinə görə, taksi sahəsində qiymət bazar iqtisadiyyatı əsasında formalaşır: "Bugünkü qiymətlər vətəndaşlara sərf edir. Lakin taksi qiymətləri dəyişən tarifdir. Mövsüm, gecə-gündüz, iqlimə görə qiymətlər tənzimlənir. Məsələn, qar yağanda qiymətlər adi günlərə nisbətdə 3-4 dəfə bahalaşır.

Fikrimcə, taksilərdə qiymətlə bağlı dəyişikliyə ehtiyac yoxdur. Eyni zamanda taksi fəaliyyəti ilə bağlı islahatlara ehtiyac var. Lakin bu islahat taksilərdə deyil, taksi fəaliyyətini nəzarətdə saxlamalı olan və bu sahədə nizam-intizam yaratmalı olan qurumlarda aparılmalıdır".

Ekspert ötən illərdə Bakı Nəqliyyat Agentliyinin (BNA) Nazirlər Kabinetinə təqdim etdiyi layihə ilə bağlı da danışıb. O bildirib ki, layihədə xoşuna gəlməyən iki məqam olub: "Birincisi taksilərin sayı ilə bağlı kvota məsələsidir. İkincisi isə qiymətlə bağlı bir bəndin olmasıdır. Nə qiymət, nə də say bir vətəndaş kimi məni qane etmir. Bu sahədə qiymət bazar iqtisadiyyatı əsasında tənzimlənir. Hər hansı xüsusi kvota olmamalıdır. Hər bir vətəndaş və sahibkar Azərbaycan Respublikası qanunlarına riayət etməklə taksi fəaliyyəti ilə məşğul olmalıdır.

Azərbaycanda taksi fəaliyyətini tənzimləyən qərarlar mövcuddur. Nazirlər Kabinetinin reqlamenti var, taksi fəaliyyətini tənzimləyən qurumlar və qanunverici baza mövcuddur. Sadəcə bu qanunların həyata keçməsi üçün qurumlar ciddi işlər görməlidir ki, taksi sahəsində nöqsanlar aradan qalxsın".

10:00 - 4 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin