Velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir. Ötən il ərzində velosipedçilərinin vurulması ilə nəticələnən 29 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 15 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir.
Bu barədə Asayis.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu unutmamalıyıq.
Qanunvericiliyin tələbinə əsasən velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol ciyinləri ilə hərəkət etməli, idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır.
Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratmamalıdırlar.