Sumqayıtda baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif xəsarətlərlə 15 nəfər müraciət edib.
Asayis.Az xəbər verir ki, bu barədə report-un yerli bürosuna tibb mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi (vəziyyətləri orta ağır qiymətləndirilir) Terapiya şöbəsində, 3 nəfərin müalicəsi (vəziyyətləri ağır qiymətləndirilir) Reanimasiya şöbəsində, 5 nəfərin müalicəsi (vəziyyətləri stabil qiymətləndirilir) isə Acil şöbəsində davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirilib ki, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub.
Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***09:13
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Asayis.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.