Türkiyədə baş verən zəlzələdən sonra "Ahbap" dərnəyinin rəhbəri, müğənni Haluk Leventlə bağlı çıxan iddialar bitmək bilmir.
Asayis.Az xəbər verir ki, növbəti iddia aparıcı-model Deniz Akkayadan gəlib. O, Halukun Sezgin Baran Korkmaz adlı türk iş adamı ilə əl-ələ olan fotosunu yayımlayaraq onunla birgə çalışan şəxsin fəaliyyətini sorğulayıb. Onun bu iddialarından sonra müğənni paylaşım edərək Denizi məhkəməyə verdiyini və ondan 5 milyon lirə məbləğində təzminat tələb etdiyini və qazanacağı təqdirdə pulu zəlzələdən zərərçəkənlər üçün xərcləyəcəyini bildirib.
Qeyd edək ki, Sezgin Baran Korkmaz türkiyəli iş adamıdır. O, çirkli pulların yuyulması ittihamı ilə İstanbul Baş Prokurorluğu tərəfindən axtarışa verilib. Onun şirkətləri və Türkiyədəki bütün var-dövləti məhkəmə tərəfindən müsadirə edilib. 2020-ci ilin dekabrında həyat yoldaşı Gökçen Korkmazla birlikdə Türkiyəni tərk edərək İsveçrədə məskunlaşıb.
2021-ci il mayın 2-də ona qarşı açılan istintaq başa çatıb və barəsində “əmlakın dəyərinin saxtalaşdırılması” maddəsi ilə 7 il 6 aya qədər həbs cəzası istənilib.
Bundan başqa, Korkmazın ABŞ-ın Yuta ştatında vergi fırıldaqçılığına görə cərimələnən şirkətlə də əlaqələri var. O, ABŞ-nin tələbi ilə 19 iyun 2021-ci ildə Avstriyada həbs edilib. Yuta Baş Prokurorluğu aprelin 28-də Korkmaz haqqında ittiham aktı açıb. Korkmaz çirkli pulların yuyulması, fırıldaqçılıq və dövlət əməliyyatlarına mane olmaq ittihamı ilə 225 il müddətinə azadlıqdan məhrum ediləcək.