Zaqatala rayon sakini 1970-ci il təvəllüdlü Elxan Xəlilovun ötən il noybarın 4-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Baş Prokurorluqdan Asayis.Az-a verilən xəbərə görə, ibtidai istintaqla 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı tanışı Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Qriqoriy Burqandinova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hadisə rayonun Fındıqlı kəndində, kənd sakini 70 yaşlı Qriqoriy Burqandinovun ailəsinə məxsus fındıq bağında baş verib. Elxan Xəlilov Qriqoriy Burqandinovun fındıq bağının yaxınlığında olan başqa bir bağda gözətçi işləyirmiş. Qriqoriy Burqandinov spirtli içki şüşəsini E. Xəlilovun başına çırparaq, onu öldürüb.