Fevralın 11-dəsaat 09:45 radələrində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus teplovoz Saatlı-Becar mənzilində hərəkətdə olarkən Sabirabad rayon sakininə məxsus “VAZ 0126” markalı avtomobillə toqquşub.
Asayis.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Qəşəm Gülhüseyn oğlu Hüseynov idarə etdiyi 90-BE-797 dövlət nömrə nişanlı “VAZ 0126” markalı avtomobillə dəmiryol keçidini keçməyə cəhd edib. Maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Hadisə nəticəsində sürücü xəsarət alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Hadisə aidiyyəti üzrə araşdırılır.
"Nəqliyyat vasitələrinin sürücülərinə bir daha çağırış edərək bildiririk ki, "Yol hərəkəti haqqında" Qanunun 44-cü bəndinə əsasən, sürücülər dəmiryol keçidlərinə yaxınlaşarkən xəbərdarlıq nişanlarına riayət etməli, keçidə 10 m qalmış avtomobili saxlamalı, qatarın yaxınlaşmadığına əmin olmalı, yalnız bundan sonra hərəkət etməlidirlər.
Nəzərinizə çatdıraq ki, qanunun tələblərinə riayət etməyərək, dəmiryol keçidlərinə qəfil keçmə hallarında maşinist tərəfindən səs siqnalları verilərək tormozlanma aparılsa da, bu kimi hallar qaçılmaz olur", - məlumatda deyilir.