Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən, daha sonra buradan tranzit yükdaşımalar adı altında Gürcüstana və Avropaya göndərməyə çalışan daha bir mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Beybudov, onun başçılıq etdiyi dəstənin üzvləri - Əlifağa Hadıyev və Samir Abdullayev - tutulublar. Əlifağa Hadıyevin idarə etdiyi avtomobilə, Bəhruz Beybudovun evinə və Samir Abdullayevin maşınının tranzit yük hissəsinə Gömrük Komitəsi əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Qeyd edilən yerlərdən ümumilikdə 67 kiloqram, o cümlədən 57 kiloqram heroin, 10 kiloqram metamfetamin və elektron tərəzilər aşkar olunub. Dəstə üzvləri şəxsiyyəti istintaqla araşdırılan, “Əsgər” adı altında pərdələnən İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi narkotik vasitələri maddi qazanc müqabilində qəbul ediblər.
Saxlanılan şəxslər narkotikləri həm Bakı şəhərində satmağı, həm də Samir Abdullayevin yük maşını ilə Avropa ölkələrinə göndərməyi planlaşdırıblar. Həmin narkobaronun ölkədəki əsas dayaqları - Bəhruz Beybudov, Əlifağa Hadıyev və Samir Abdullayevin saxlanılmasının əməliyyat görüntülərini təqdim edirik.
Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
https://www.youtube.com/watch?v=w8N_ZnENetY