Bakı-Sumqayıt yolunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Asayis.Az xəbər verir ki, hadisə fevralın 6-sı axşam saatlarında Bakı-Quba magistralının Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.
Videogörüntülərdə hadisə yerinin yaxınlığında yerüstü piyada keçidinin olduğu görülür. Lakin piyada sürət həddi 90 km/saat olan, nəqliyyatın intensiv hərəkət etdiyi üçzolaqlı avtomobil yolunu keçməyə çalışır.
Hərəkətdə olan “Iveco” markalı yük maşını yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçməyə çalışan şəxsi vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən təsdiq ediblər. Şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında faktla bağlı araşdırma aparıldığını qeyd edib:
“Videogörüntülərdə qəzanı anbaan görmək mümkündür. Yaxınlıqda yerüstü piyada keçidi olmasına baxmayaraq, təəssüf ki, piyadanın hərəkət sürəti yüksək olan bu yolu hətta dəmir arakəsmələrə əhəmiyyət vermədən keçməsi son nəticədə belə bir faciənin baş verməsinə səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək insanları sözügedən qəzanın başvermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır”.
https://baku.tv/dunyaa/piyadanin-vurulmasinin-anbaan-goruntuleri