Ölümsüzlüyü ölümü ilə qazanan Şəhid Asiman Əliyevin anım günüdür - FOTO

 Ölümsüzlüyü ölümü ilə qazanan Şəhid Asiman Əliyevin anım günüdür - FOTO

Ölümsüzlüyü ölümü ilə qazanan oğullarımızdan biri Şəhid mayor Asiman Əliyevin bu gün doğum günüdür.  Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan mayoru Asiman Vaqif oğlu Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində dünyaya göz açıb.

Orta məktəbi doğulub boya-başa çatdığı kənddə alıb, hərbiyə olan həvəsi onu 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseyə aparıb. Arzularının ardınca hərbi sirlərini daha dərindən öyrənmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutub. Ali təhsilini burada motoatıcı taqım komandiri ixtisası üzrə alan Asiman Əliyev 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisası üzrə təhsil alıb.

Atası Vaqif Əliyev deyir ki, onun bu arzusuna qarşı çıxsa da, Asimanı seçdiyi yoldan geri döndərə bilməyiblər: “Vətən Müharibəsi başlayanadək əvvəl Mingəçevirdə, daha sonra Tərtərdə işləyib. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Aprel döyüşləri zamanı yanına iki dəfə minomyot mərmisi düşüb. Heç nə olmamışdı Asimana. Cəmşid Naxçıvanski adına liseydə kurs rəisi idi. Müharibənin qurtarmasına az qalmışdı, döyüş bölgəsinə ezam olundu. Noyabr ayının 3-ü cəbhəyə yollanan oğlum noyabrın 7-də şəhid olub. Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Ölümündən 3 gün sonra da Vətən Müharibəsi qurtardı”.

Vaqif müəllim deyir ki, Asiman elə bil şəhid olacağını duymuşdu. Əvvəlcə rayonda çalışan atasını, sonra isə anasını yanına gətirib. Ailəsini bir araya toplayıb. Kursantlarını da övladı qədər sevərmiş Asiman, peşəsinə olan sevgisindən böyük zövqlə danışarmış: “Kaş hər zaman dövlətimizin bayrağı uca olsun. Allah Ali Baş Komandanımızı qorusun. Şükür bu günə, oğlumun oğlu böyüyür - Vaqif Asiman oğlu”.

 Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə mükafatlandırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asiman Vaqif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

16:19 - 1 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin