Vətən uğrunda döyüşən, yaralanaraq xəstəxanada həyatını itirən baş leytenant Aslanov Qoşqarın vəfatından iki ildən artıq vaxt keçsə də, məzarı üzərində hələ də qəbirüstü abidə ucaldılmayıb.
1985-ci il noyabrın 11-də anadan olan baş leytenant Aslanov Qoşqar 2024-cü il avqustun 7-də vəfat edib. O, döyüşlərdə yaralanıb, xəstəxanaya yerləşdirilib və aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Bu gün onun məzarını ziyarət edənlər qəbirüstü abidə əvəzinə hərbçinin fotosu və məlumatlarının əks olunduğu sadə lövhə ilə qarşılaşırlar. Vətən qarşısında xidmət etmiş, döyüşlərdə yaralanmış bir zabitin məzarının bu vəziyyətdə qalması təəssüf və suallar doğurur.
Axı Vətən uğrunda döyüşən, sağlamlığını və həyatını bu yolda itirən insanların xatirəsinə ehtiram yalnız anım günlərində səsləndirilən xoş sözlərlə məhdudlaşmamalıdır. Bu ehtiram onların məzarlarına, ailələrinə və xatirələrinə münasibətdə də öz əksini tapmalıdır.
Azərbaycan Respublikasının “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanununa əsasən, döyüşlərdə aldıqları yaralanma, travma və kontuziya nəticəsində sonradan vəfat edən şəxslər də qanunun əhatə dairəsinə daxildir. Belə şəxslərin məzarlarının qorunması, abadlaşdırılması və qəbirüstü abidələrin qoyulması xatirənin əbədiləşdirilməsi tədbirlərindəndir.
Bəs baş leytenant Aslanov Qoşqarın məzarı niyə indiyədək layiqli qəbirüstü abidə ilə təmin edilməyib? Bu məsuliyyət hansı dövlət qurumunun üzərinə düşür?
Vətən uğrunda döyüşmüş bir zabitin xatirəsi unudulmamalıdır. Onun məzarı da xidmətinə və adına layiq olmalıdır. Çünki Vətən uğrunda canından keçənlərə ehtiram təkcə sözlə deyil, əməllə göstərilməlidir.
