Ölkənin səhiyyə və xidmət sektorunda pasiyent hüquqlarının pozulması, tibbi savadsızlıq və məsuliyyətsizliklə bağlı şikayətlərin ardı-arası kəsilmir.
Növbəti qalmaqallı məsələ “Dental Center” stomatoloji klinikası və onun tibbi heyətinin fəaliyyəti ilə bağlıdır.
Redaksiyamıza müraciət edən vətəndaş Sevinc Qarakişiyeva adıçəkilən klinikada üzləşdiyi ciddi qanunsuzluqlar, keyfiyyətsiz tibbi xidmət və maliyyə itkisi barədə dəhşətli məqamları açıqlayıb.
11 300 manatlıq "işgəncə" və laxlayan implantlar
Şikayətçinin sözlərinə görə, o, dişlərinin bərpası və implantasiyası məqsədilə “Dental Center” klinikasında İbrahim İbrahimov tərəfindən müalicəyə başlayıb. Bu proses üçün klinikaya ümumilikdə 11 300 (on bir min üç yüz) manat məbləğində böyük vəsait ödəyib.
Lakin 1 ildən artıq davam edən “get-gəllər”, ağrılı prosedurlar və vəd olunan keyfiyyət əvəzinə pasiyent tam bir kabusla üz-üzə qalıb.
S.Qarakişiyeva bildirir ki, klinika rəhbərliyi və həkimlər işi guya "tam təhvil verdiklərini" bəyan etsələr də, aradan 1 ay keçməmiş yerləşdirilən implantlar laxlamağa, şiddətli ağrılar verməyə başlayıb. Klinikaya dəfələrlə təkrar müraciət olunsa və müdaxilələr edilsə də, problem həll olunmayıb, əksinə, vəziyyət daha da pisləşib.
Təhsilsiz həkim şübhəsi və texnik "xalasıoğlu"
Pasiyentin iddiasına görə, müalicə prosesi tamamilə qeyri-peşəkar və kortəbii şəkildə aparılıb. Şikayətçi klinikadakı tibbi personalın ixtisas səviyyəsini və qanuni fəaliyyət hüququnu ciddi şəkildə sual altına alır: “Həkimin ümumiyyətlə lazımi tibb təhsili varmı? Onların fəaliyyəti hansı lisenziyaya söykənir? Hətta dişləri hazırlayan texnikin - həkimin xalasıoğlu olan Nicat adlı şəxsin hansısa rəsmi sertifikatı və ya ixtisas təhsili olub-olmadığı qaranlıqdır.
Həkim əslində işinin bərbad olduğunu bildiyindən həmişə ən son işləri həyata keçirməyi yanındakılara tapşırır. İndi də qurban Həmid adlı bir həkimdir. Guya mənim implantımı o yarıtmaz edb. Onun da səs yazıları, skrinlər var, bunların hamısı məhkəmə də hakimə təqdim ediləcək. Klinikada müalicə deyil, sanki təcrübə dovşanı üzərində sınaqlar aparılıb”.
Şikayətçi həmçinin qeyd edir ki, mütəmadi olaraq klinikanın direktoru dəyişdirilir və hüquq-mühafizə orqanlarına şikayət edildiyi təqdirdə rəhbər şəxs dərhal istefa verərək məsuliyyətdən yayınmağa çalışır.
Səhiyyə Nazirliyinə, Polisə və Prokurorluğa MÜRACİƏT
S.Qarakişiyeva bildirir ki, onda klinika ilə aparılan bütün audioyazılar, mesajlaşmalar və ödəniş sübutları mövcuddur. O, klinikanın əlaqələndirici şəxsi Hacı bəyə rəsmi qaydada müraciət edərək, ödənilən 11 300 AZN məbləğində vəsaitin dərhal geri qaytarılmasını, əks halda klinikanın müalicə kartı, rentgen/KT görüntüləri, implantların pasportları, lisenziya və personalın sertifikatları barədə 12 bənddən ibarət rəsmi sənədlər toplusunu təqdim etməsini tələb edib.
Şikayətçi xanım Səhiyyə Nazirliyini, Hüquq-mühafizə orqanlarını və Dövlət Vergi Xidmətini “Dental Center” klinikasında təcili yoxlamalara başlamağa, obyektin lisenziyasını, həkimlərin sertifikasiyasını və qanunsuz pul dövriyyəsini (kartdan-karta köçürmələri) araşdırmağa çağırır.
Qarşı tərəfin mövqeyi: "Məsələ hüquqi müstəvidə həll olunacaq"
Açıqlanan ağır iddialarla bağlı Asayis.az olaraq qarşı tərəfin də mövqeyini öyrəndik.
Klinikanın əlaqələndirici şəxsi Hacı bəy telefon zəngimizə cavab verərək məsələdən xəbərdar olduqlarını təsdiqləyib. O bildirib ki, Sevinc Qarakişiyevaya qoyulmuş implantlarla bağlı bəzi prosedurlar həyata keçirilib və problemlərin aradan qaldırılması üçün o, yenidən klinikaya dəvət olunub:
“Biz pasiyenti yenidən müayinə və düzəlişlər üçün klinikaya dəvət etdik. Lakin Sevinc xanım bundan imtina edərək, implantları başqa kliniki mərkəzdə sökdürəcəyini və yeni müalicəni orada alacağını bildirdi. Bu səbəbdən aramızda anlaşılmazlıq yaranıb. Yaranmış anlaşmazlığı aydınlaşdırmaq üçün bu məsələlər sosial platformalarda deyil. Hüquqi müstəvidə, yəni məhkəmə yolu ilə öz həllini tapmalıdır.
Biz qarşı tərəf ilə vəkillər vasitəsilə əlaqə saxlamaq istəyirik”. Klinikanın təmsilçisi daha sonra whatsapp vasitəsi ilə bizi təhdid etməyə başladı. Klinika rəhbərliyinin sözlərini bizə çatdıran Hacı bəy şikayəti dərc edəcəyimiz halda redaksiyadan böyük təzminat tələb edəcəklərini bildirdi. Həmin təhdiddə qeyd olunanları olduğu kimi sizə təqdim edirik: "Onu da bildirmək istəyirik ki, əgər bizim klinika haqqında hər hansı bir məqalə dərc olunarsa şəxsən sizi və fəaliyyətinizi şikayət edib, bizim nüfuzumuza xələl gətirən, yalan informasiya paylaşdığınız üçün, sizdən maddi və mənəvi təzminat istəniləcək". İddialara cavab verməkdə aciz olan, şikayətləri gözardı edən, ödənişi qaytarmayan "Dental Center" klinikasının rəhbərliyi hələ bilmir ki, jurnalistə qarşı təhdid, medianın susdurulmasına yönəlmiş addımdır.
Azərbaycan Respublikasının həm Ümummilli Lideri Heydər Əliyev, həm də Prezident İlham Əliyev müxtəlif dövlət tədbirlərində, kütləvi informasiya vasitələri (KİV) nümayəndələri ilə görüşlərdə və memuarlarında jurnalistikanın fəaliyyətinə məhdudiyyət qoyulması, KİV-ə təzyiq göstərilməsi və ya jurnalistlərin işinə müdaxilə edilməsi hallarını qətiyyətlə pisləmiş, bu barədə ciddi iradlar bildirmişlər. Belə çıxır ki, adıçəkilən Klinika tək bizi təhdid etmir, həm də bizim fəaliyyətimizi məhdudlaşdırır, o cümlədən Prezident İlham Əliyevin mətbuata göstərdiyi dəstəyi bu formada kölgə altına salmaq istəyir. Mövzunu diqqətdə saxlayacağıq.
